Fevralın 24-27-də İstanbulda güləş üzrə Yaşar Doğu xatirə turniri keçiriləcək. Mövsümün ilk reytinq xarakterli turnirində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milli komandaları da mübarizə aparacaq.
Yığmalarımızın turnir üçün heyəti açıqlanıb. Turnirin sərbəst güləş yarışlarında ölkəmizi İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) təmsil edəcəklər.
Klassiklərin yarışında isə komandamız İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov, Murad Məmmədov (63 kq), Namaz Rüstəmov, Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq) və Beka Kandelakidən (130 kq) ibarət heyətlə mübarizə aparacaq.
Qadınların yarışında isə ölkəmiz Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) ilə təmsil olunacaq.
Qeyd edək ki, dünya çempionatınadək 4 reytinq xarakterli turnir keçiriləcək. Dünya birinciliyi isə sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.
Pəhləvanlarımızın Yaşar Doğu xatirə turniri üçün heyəti açıqlanıb