Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirin qonaqları güləş üzrə qızlar arasında milli komandanın üzvü, dünya çempionatının gümüş mükafatçısı Ruzanna Məmmədova, sərbəst güləş üzrə böyüklərdən ibarət milli komandanın üzvü Avropa çempionatının bürünc mükafatçısı Rahid Həmidli və sərbəst güləş üzrə böyüklərdən ibarət milli komandanın üzvü, beynəlxalq turnirin gümüş mükafatçısı, böyüklər arasında Azərbaycan birinciliyinin bürünc mükafatçısı Zəfər Əliyev olub. Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun müxtəlif məktəblərin müəllim, şagirdləri ilə yanaşı, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, idmançılar iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarəti olunub, İkinci Qarabağ müharibəsində canından keçən Vətən övladların əziz xatirəsi ehtiramla anılıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında ölkəmizdə dövlət tərəfindən idmana böyük diqqət və qayğı göstərildiyini və idmanın inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edib. O, yeniyetmə və gənclərimizin yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər bir gənc kimi yetişdiyini bildirib.
Tədbirdə həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü A.Ağayev, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Ə.Yaqubov, sərbəst güləş üzrə baş məşqçi T.İsayev çıxış edərək son illər ölkəmizdə idman sahəsində görülən işlərdən söhbət açıblar.
Sonra çıxış edən idmançılar yarışlarda qazandıqları uğurlardan danışaraq, həm də məktəblilərin maraq dairəsində olan sualları cavablandırıblar.
Tədbirin sonunda idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyə və fəxri fərmanlar təqdim olunub.
“Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş