Yunan-Roma güləşi üzrə yığma komandamız Plovdivdə üçüncü oldu

Yunan-Roma güləşi üzrə yığma komandamız Plovdivdə üçüncü oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir. Artıq yarışda klassiklərin mübarizəsinə yekun vurulub. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında yollanan komandamız uğurlu nəticəyə nail olub. Belə ki, çempionatda iştirak edən 6 güləşçimizdən 5-i fəxri kürsüdə yer almağı bacarıb. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə çempion adına sahib çıxıblar. Digər güləşçimiz Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yerə layiq görülüb.
Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan komandamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.