Boks üzrə Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çıxışını uğurla yekunlaşdırıb.
Təmsilçimiz Kənan Babayev son günü qızıl medalla başa vurub. 48 çəki dərəcəsində çıxış edən idmançımız finalda polşalı Nikolas Marsel Pavliki 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Kənan Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.