Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub və bu danışıqlarda xarici işlər nazirləri iki ölkə liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı ilə bağlı fikir mübadiləsi aparıblar.
Belə ki, tərəflər Birgə Sərhəd Komissiyasının tərkibinin parametrlərini razılaşdırıblar. Yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının, eləcə də sülh sazişinin hazırlanması üzrə işçi qrupun iclasının keçirilməsi razılaşdırılıb. Tərəflər humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qalib gəldiyi ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və Ermənistan bu reallıqlarla barışmaq məcburiyyətindədir. İki ölkənin xarici işlər nazirləri arasında əldə olunan razılaşmalar bu reallıqların qəbul edilməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, əldə olunan razılaşmalar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Brüssel görüşündən sonra ardıcıl və məntiqli addım oldu.
Bu faktı Trend-ə şərh edən israilli siyasi texnoloq Yuri Boçarov qeyd edib ki, bu razılaşma regionda vəziyyətin normallaşması istiqamətində daha bir addımdır.
"Azərbaycan sülhsevər dövlətdir və regional problemlərin, o cümlədən öz ərazi bütövlüyü məsələsinin dialoq yolu ilə həllinə dəfələrlə çağırışlar edib. Ancaq təxminən 30 il bunu heç kim eşitmək istəmirdi və Azərbaycan lazım gəldiyi təqdirdə problemi hərbi yolla həll edə bildiyini bütün dünyaya sübut etməli oldu. Və bu gün Ermənistanın bütün gecikmələrinə, ləngimələrinə və demaqogiyasına baxmayaraq, Azərbaycan bəyan edir ki, bütün məsələləri başqa yolla həll edə bilsə də, danışıqlar masası arxasında baxmağa hazırdır", - deyə Y.Boçarov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev doğma torpaqlarını erməni işğalçılarından azad edərək artıq öz adını əbədi Azərbaycan tarixinə yazdırıb.
"Bu gün isə o, viran edilmiş torpağı dirçəltməklə ölkə tarixində yeni səhifələr açır. Təbii ki, Prezidentin bütün siyasəti həmişə ölkənin, xalqın inkişafına, firavanlığına yönəlib. Amma indi Prezidentin bütün regionun inkişafına təsir etmək imkanı var və bunu edir, bu isə Azərbaycanın bütün maraqlı qonşularını və dostlarını sevindirir", - Y.Boçarov bildirib.
Onun sözlərinə görə, təəssüf ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək durumundadır.
"Hamımız ümid edirik ki, zaman keçdikcə Ermənistan rəhbərliyi sülhün müharibədən, hətta soyuq müharibədən qat-qat yaxşı olduğunu, ən əsası isə daha sərfəli olduğunu başa düşəcək və indiki sülhə məcbur etmə regionda tam sülhə gətirib çıxaracaq", - deyə Y.Boçarov bildirib.
Öz növbəsində İsrailə dəstək lobbisinin sədri, vəkil Eli Naxt Trend-ə bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi əla xəbərdir.
"Bu proses ilk növbədə iki ölkə arasında birbaşa danışıqlar kanalının yaradılması sayəsində mümkün olub. Uzun illər ərzində həddən artıq çox vasitəçi bu münaqişənin hər iki tərəfi üçün heç də həmişə konstruktiv rol oynamayıb", - E.Naxt bildirib.
E.Naxt qeyd edib ki, bu və ya digər şəkildə bu gün dünyanın sülhə həmişəkindən daha çox ehtiyacı var, bu səbəbdən sülh prosesi əla xəbərdir və iki liderin praqmatizmindən xəbər verir.