Bərdə rayon Mirzalıbəyli kənd tam orta məktəbinin şagirdləri Rayon Polis Şöbəsinin qonağı olublar. Şagirdləri RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev qarşılayıb.
Olimpnews.az Sfera.az xəbər verir ki, Polis Şöbəsinin inzibati binasını gəzərkən şagirdlər polisin fəaliyyəti ilə yaxından tanış olublar. Rayon ərazisində ictimai təhlükəsizliyin və asayişin təmin olunması haqda onlara geniş məlumat verilib. Xidmət sahələrinin xarakteristikası barədə balacaları maraqlandıran sualları polis əməkdaşları məmniniyyətlə cavablandırıblar.
Polis polkovniki Muradəli Babayev cinayətkarlıqla mübarizə tədbirləri barədə şagirdlərə məlumatlar verib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı respublika ərazisində görülən genişmiqyaslı tədbirlər də şagirdlərin diqqətinə çatdırılıb.
Sonda qonaqlar üçün çay süfrəsi açılıb, masa arxasında davam edən söhbət zamanı şagirdlərə sağlam həyat yaşamaları, lazımi biliklərə, xalqımızın milli-mənəvi dəyərlərinə yiyələnmələri üçün dəyərli tövsiyələr verilib.