Güləşçilərimiz Avropa çempionatına Türkiyədə hazırlaşırlar

Güləşçilərimiz Avropa çempionatına Türkiyədə hazırlaşırlar

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız ölkə xaricində təlim-məşq toplanışı keçirlər. Hər 3 komandamız aprelin 26-dan Türkiyədə hazırlıq prosesinə start verib. İkihəftəlik toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə 15 idmançı yer alıb.
Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirir. Hazırlıq prosesinə 13 idmançı cəlb olunub.
Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanış keçir. Heyətdə 9 idmançı yer alıb.
Qeyd edək ki, Türkiyə milliləri ilə ortaq keçirilən təlim-məşq toplanışı yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcəklər.