Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.
Olimpnews.az-a məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələcək.
Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci qarşılaşmasında Riçard Rapportla (Macarıstan) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.