Kifayət Qasımova haqqında filmin təqdimat mərasimi keçirilib

Kifayət Qasımova haqqında filmin təqdimat mərasimi keçirilib

Azərbaycan millisinin sabiq cüdoçusu və qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Olimpnews.az-un məlumatına görə, jurnalist Azər İsmayılın müəllifi olduğu “After&Before” adlanan ekran işi ilə bağlı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmin ana xəttini qəhrəmanın hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına rəğmən, göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir.

Müəllifin sözlərinə görə, ekran əsəri Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək. Qasımova tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Fərid Qayıbov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdiyini söyləyib: "İlk dəfə görürəm ki, jurnalist həyəcanlıdır. Əminəm ki, sizə pozitiv suallar veriləcək. Bir neçə saat əvvəl kişilərdən ibarət cüdo millimizlə görüşdük. Onlar Avropa çempionatında uğurlu çıxış ediblər. İdmançı üçün həyar həmişə uğurlu alınmır. Cəmiyyər bilməlidir ki, idmançənın həyatında hansı çətinliklər olur. Nazirlik olaraq belə filmlərə dəstək verməyə hazırıq. Kifayət Qasımovanı təbrik edirəm. Məşhur idmançımız olub. Ona gələcək karyerasında da uğurlar arzulayıram".

Rəşad Rəsullu təqdimatda iştirakın onlar üçün xoş olduğunu söyləyib. "Bütün federasiya adından salamlarımı çatdırır, Kifayət Qasımovanı və filmin yaradıcı kollektivini təbrik edirəm. O, bizim azsaylı qadın cüdoçularımızdandır ki, elit səviyyədə iştirak edib. Bu gün kişilərdən ibarət komandanı qəbul edən cənab nazirə təşkkürümü bildirirəm. İnanıram ki, növbəti dəfə qadın cüdoçularımızı qəbul edəcəksiniz. Bir daha səbəbkarı təbrik edirəm".

Daha sonra film nümayiş olunub. Filmin rejissoru İsa İsayev, icraçı prodüsseri Manaf Əzizlidir.