Nəriman Abbasov: "Ayrılsam, çempion kimi gedəcəyəm" - MÜSAHİBƏ

Nəriman Abbasov: "Ayrılsam, çempion kimi gedəcəyəm" - MÜSAHİBƏ

Azərbaycanın MMA döyüşçüsü yüngül çəkidə AMC “Fight Nights Global” çempionu Nəriman Abbasovun report-a müsahibəsi

- İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda "Xocavənd" və "Cəbrayıl" komandalarının oyununu izlədiniz. Turnirlə bağlı təəssüratlarınız necədir?

- Bizi dəvət edən təşkilatçılara təşəkkür edirəm. Bu, çox gözəl layihədir. Hazırda çox da futbol oynaya bilmirəm, buna vaxtım olmur. Amma futbola marağım var. Bütün iştirakçı komandalara uğurlar arzulayıram. İnanıram ki, hər il bu turnirlər keçiriləcək.

- "AMC Fight Nights"da kəmərinizi müdafiə edəcəksiniz. İyunun 10-da Rusiyada yerli idmançı Marif Pirayevlə üz-üzə gələcəksiniz. Döyüşdən gözləntiləriniz nədir?

- Rəqibi yaxşı tanıyıram, bir neçə görüşünü də izləmişəm. Bir neçə aydır bu döyüşə hazırlaşıram. Demək olar ki, hazırlıq prosesini başa vurmuşuq. Artıq duelə hazırıq. Mayın 17-də Rusiyanın paytaxtında mətbuat konfransı keçiriləcək. İlk görüşümüz orada, ikinci qarşılaşmamız isə iyunun 10-da rinqdə gerçəkləşəcək (gülür).

- Kəməri qoruyub saxlayacağınıza inanırsınız?

- Kəmər üçün kim çıxıb döyüşürsə, zəif deyil. O da bir neçə döyüşlərdən keçib və buradək gəlib. Uzun müddətdir ki, hazırlaşırıq. Döyüşə tam hazıram. Kəmərimi müdafiə edəcəyimə inanıram. Həmin gün yaxşı döyüş görəcəksiniz. “Fight Nights Global” təşkilatından gedəsi olsam, yalnız çempion kimi ayrılacağam.

- Rəqibinizə hansısa ismarışınız varmı?

- Hansısa sözüm yoxdur. Sadəcə, demək istəyirəm ki, iyunun 10-da orada olsun (gülür).

- Sizin UFC-də iştirakınız gündəmdə idi. Məsələ ilə bağlı yenilik varmı?

- Danışıqlar getdi, hər şey hazır idi. Sadəcə, UFC-də belə məsələ oldu ki, yerlər, kartlar doldu. Dedilər ki, gözləyin. Bizim isə gözləmək fikrimiz yoxdur, vaxt gedir. Öz təşkilatıma qayıtmaq və bir döyüş keçirmək istədim. Bu görüşdən sonra necə olacağına baxacağıq.

- UFC-də iştirakınız hələ də açıq qalır?

- Bəli.

- Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev bu yaxınlarda Bakıda olub. Onunla münasibətləriniz necədir?

- Bakıya gələndə müəyyən səbəblərdən görüşə bilmədim. Onunla əlaqəmiz var. Taylandda birlikdə təlim-məşq toplanışında olmuşuq, məşq etmişik. Onunla danışırıq, yarışlarda bir-birimizə uğurlar arzulayırıq.