Nəriman Abbasov: "Rinqdə sonadək işləyəcəyəm"

Nəriman Abbasov: "Rinqdə sonadək işləyəcəyəm"

"Mənim üçün döyüşün formatının heç bir fərqi yoxdur".

Olimpnews-un məlumatına görə, bunu Azərbaycanın MMA döyüşçüsü, yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasov rusiyalı Marif Pirayevlə keçirəcəyi görüşdən öncə mətbuat konfransında deyib.

28 yaşlı idmançı rinqdə öz işini görəcəyini söyləyib: "Əsas odur ki, sonadək işləyəcəyəm".

Onun şəxsi məşqçisi Şəhriyar Abbasov isə Pirayevin təcrübəli və güclü idmançı olduğunu bildirib: "Amma onun üçün çox çətin olacaq. Çünki Nəriman təhlükəli döyüşçüdür. Bununla belə, görüşə ciddi yanaşmaq lazımdır. Marif də yaxşı hazırlaşır".

Çempionluq kəmərinin önəmindən söz açan məşqçi bu yaxınlarda Prezident İlham Əliyevin N.Abbasova Bakının mərkəzində 3 otaqlı mənzil bağışladığını xatırladıb: "Ölkə başçısı Nərimana öz təbriklərini çatdırdı. Şamil Zavurova qarşı son döyüşünü izləyib. Bizə həmin görüşlə bağlı çox dəqiq məlumatlar verdi. Baxın, çempionluq kəməri bu deməkdir".

Ş.Abbasov N.Abbasovun UFC-yə keçidinin yubanmasına da toxunub: "AMC Fight Nights" turnirinin prezidenti Kamil Hacıyevə deyirəm ki, Nərimana yaxşı rəqib ver, hər şeyi özün görəcəksən. O isə cavab verir ki, Nəriman elədir-belədir. Halbuki, çox təhlükəli döyüşçüdür. UFC ilə bağlı bizə söz verilib. Bunu kimin etdiyini hamımız bilirik (Həbib Nurməhəmmədovu nəzərdə tutur - red.). Ona görə də adını açıqlamaq istəmirəm. Gözlədik, gözlədik. Hələ də gözləyirik. Həmin şəxsə təzyiq etmək istəmirəm ki, sən bizə söz vermisən. Prinsipcə, Nəriman "AMC Fight Nights"da döyüşür və ona burada rahatdır. Mənzil veriblər, yaxşı qazanır, heç nəyə görə təəssüflənmir. Qarşıda belə bir plan var ki, "AMC Fight Nights" və "Eagle Fighting Championship"in çempionları qarşılaşınlar. Bu, artıq yeni mövzu olacaq".

Məşqçi Azərbaycanda beynəlxalq turnir keçirməyi düşündüklərini vurğulayıb: "Təklif var, müzakirə edəcəyik. Gənclər və idman naziri Fərid Qayıbov da bildirdi ki, bunu edə bilərik. İstənilən dəstəyi verməyə hazır olduğunu söylədi".

Qeyd edək ki, döyüş iyunun 10-da Rusiyada baş tutacaq.