Bir vaxtlar futbol üzrə Azərbaycan çempionatında “Xəzər-Lənkəran”, “Karvan”, “Şəmkir”, “Kəpəz” və “MKT-Araz” kimi klubların mübarizəsində stadionlarda boş yerlərə rast gəlmək olmurdu. Adlarını çəkdiyimiz klubların matçları böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə keçirilirdi. Lakin son illərdə həmin klublur əsas çempionatdan bu və ya digər səbəblərdən kənarda qalıblar. Bəziləri isə Birinci divizion və Region liqasında çıxışlarını davam etdirirlər. AFFA növbəti mövsümdə həmin klubların futbol ənənəsini davam etdirmək üçün yeni planlar həyata keçirmək istəyir. Belə ki, Birinci divizionda çıxış edən klubların sayının artırılması nəzərdə tutulub. Bunun üçün komandalar müraciət etməli və mövcud tələblərə cavab verməlidirlər.
Birinci divizionda çıxış etmək üçün yerli futbol qurumuna müraicət edən klublardan biri də İmişlinin “Mil-Muğan” klubudur.
İmişli futbol ənənələri olan bölgələrdən biridir. Tarixə nəzər salsaq görərik ki, İmişlidə bu ənənə hələ 1965-66-cı illərdən başlayıb. Bu rayon “Muğan”, “Məhsul”, “Melorator”, “Energetik”, “Lokomotiv”, “MKT-Araz” və “Mil-Muğan” kimi futbol komandaları ilə ölkə çempionatında iştirak edib. Rayonda müxtəlif illərdə tanınmış futbolçular yetişib.
Futbol azarkeşləri “MKT-Araz”ın 2006-cı il iyunun 17-də İntertoto kuboku çərçivəsində Moldova “Tiraspol”una qarşı matçda 1:0 hesablı qalibiyyətini yaxşı xatırlayır. Bundan başqa komanda 2007-ci il iyulun 19-da doğma azarkeşlər önündə UEFA kuboku çərçivəsində Polşanın “Qrotslin” klubu ilə qolsuz heç-heçə etmişdi. Lakin bu yadda qalan nailiyyətlərdən bir müddət sonra “MKT-Araz” klubu maliyyə səbəbindən fəaliyyətini dayandırdı. Buna baxmayaraq, İmişli futbolsuz qalmadı. Rayon ölkə yarışlarında “Mil-Muğan” adı altında təmsil olunmağa başladı. Həmin klub hazırda da öz işini davam etdirir. Bütün bu məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün klubun direktoru Mirheydər Sefiyevlə redaksiyamızda görüşüb, söhbət etdik. Müsahibimiz son dövrlərdə İmişli futbolunda baş verənlər barədə geniş məlumat verdi.
- Mirheydər müəllim, xoş gəlmisiniz. İstərdik əvvəlcə hazırda İmişlidə futbolun hansı səviyyədə olması ilə bağlı məlumat verəsiniz.
- Bildiyiniz kimi, İmişli futbol ənənələri ilə məşhur olan rayonlardan biri olub. 2006-cı il mart ayının 23-də İmişli şəhərində “MKT-Araz” futbol klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdi. Bu müasir stadionda yüksək səviyyədə yarışların keçirilməsi mümkündür.
Qeyd edim ki, İmişlidə “MKT-Araz” klubu 2004-cü ildə yaradılıb. Lakin klub 2007-ci ildə maliyyə çətinliyinə görə fəaliyyətini dayandırdı. Bundan sonra isə Birinci divizionda çıxış etməyə başladıq. Birinci divizionda 2013-cü ildən “Mil-Muğan” klubu adı altında çıxış edirdik. Kluba bu günə kimi AFFA tərəfindən maliyyə dəstəyi və köməklik göstərilir. Hazırda bizdə 6 yaş üzrə qruplar fəaliyyət göstərir. Onlar həm ölkə, həm də Region liqasında oynayırlar. Bizim uşaq futbolunun hesabınadır ki, 20-dən artıq futbolçumuz həm Premyer Liqa, həm də Birinci divizion komandalarının heyətində çıxış edir. Hətta Türkiyə və Kiprdə çıxış edən futbolçularımız da var. 2015-2017-ci illər ərzində bizdə uşaq futbolu olmadığı üçün çalışdıq ki, həmin istedadlı uşaqlar digər komandalarda oynasınlar. Hətta bəzi gənc futbolçularımız var ki hərbi xidmətdən sonra da bir sıra komandaların heyətində çıxış edirlər. Bütün bu nəticələr uşaq futbolunun imkanlarından xəbər verir. AFFA-nın əvvəlki baş katibi Elxan Məmmədov uşaq futboluna xüsusi diqqət yetirirdi. “Mil-Muğan” klubu da bu diqqətdən daim bəhrələnib. Məhz bunun səbəbidir ki, komanda bu gün də ayaq üstədir. Bunun üçün Elxan müəllimə minnətdarlığımı bildirir, ona yeni işində uğurlar arzulayıram.
- AFFA qarşıdakı mövsümdə birinci divizionda çıxış etmək üçün klubların sayını artırmağı planlaşdırır. Direktoru olduğunuz klubun bu yarışda çıxış etməsi üçün lazımi şərait mövcuddurmu?
- İmişlidəki stadion 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alıb. Komandamız elə həmin ildə UEFA kubokunda və İntertoto kubokunda oynayıb. Həmin dövrdə UEFA-nın nümayəndəsi stadionumuzda olmuşdu. Burada yaradılan şərait imkan vermişdi ki, İmişlidəki bu idman arenası ali qrumun lisenziyasını alsın. Stadionda futbol yarışının keçirilməsi, futbolçuların məşqi, istirahəti və digər tələblərinin ödənilməsi üçün hər bir şərait indiyə qədər də mövcuddur. 7200 azarkeş tutumu olan stadion hazırda azyaşlı futbolçuların ixtiyarındadır. Burada 10 yaşdan, 17 yaşadək qruplar fəaliyyət göstərir. Birinci divizionda İmişlini təmsil edən “Mil-Muğan” komandasına etimad göstəriləcəksə, komandanın çıxış etməsi üçün mövcud bazamız var.
- Bu günlərdə Region liqasında qalib müəyyənləşdi. Cəbrayıl komandası liqanın qalibi oldu. Bu yarışda sizin rayonunuz da təmsil olunurdu.
- Məlumatımız var. “İmişli” komandası çıxış edirdi. Həvəskarlardan ibarət olan bu komandanın heyətində yerli futbolçular çıxış edirlər. Bu komandanın Region liqasından sonra birinci divizionda oynaması ilə bağlı fikirlər səsləndirilir. Mənə bildiriblər ki, “Mil-Muğan” 3 il Region liqasında iştirak etməyib. Amma həmin müddət ərzində “İmişli” komandası bu yarışda çıxış edib.
Fikrimcə, burada anlaşılmazlıq var. İmişli deyiləndə “Mil-Muğan” komandası təsəvvürümüzə gəlir. Qeyd edim ki, “Mil-Muğan” klubu AFFA tərəfindən maliyyələşir. Bu məsələnin necə həll olunacağı AFFA-nın səlahiyyətindədir. İnanıram ki, məsələ federasiyada müzakirə olunduqdan sonra ədalətli qərar veriləcək.
Qeydiyyat müddətinə qədər bizdən tələb olunan istənilən sənədləri AFFA-ya təqdim etməyə hazırıq. Region liqasında çıxış etmək üçün futbolçularımız da var. Bir sözlə, hər şey qaydasındadır.
- Bu məsələ ilə bağlı AFFA-ya müraciət etmisiniz?
- Bəli, bu yaxınlarda AFFA-nın yeni təyin olunan baş katibi Sərxan Hacıyevlə görüşmüşük. Görüşdə bu barədə müzakirələrimiz olub. Məsələ ilə bağlı Sərxan müəllimə ətraflı məlumat vermişəm. Qeyd etdiyim kimi, AFFA regionlarda futbolun inkişafına xüsusi diqqət ayırır. Fürsətdən istifadə edib Sərxan müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm. Onun gəlişindən sonra Premyer Liqa və Birinci divizionda mübarizə aparacaq komandaların sayı artırıldı. Mən bunu uğurlu başlanğıc hesab edirəm. İnanıram ki, bu Azərbaycan futbolunun inkişafı istiqamətində uğurlu addım olacaq. Bizim komandanın da güclü maddi-texniki bazası var. Düşünürəm ki, lazımi təhlillər aparılacaq və AFFA tərəfindən bu məsələyə obyektiv yanaşılacaq.
- Yəqin ki, birinci divizionda çıxış etmək imkanı qazansanız yerli futbolçulara üstünlük veriləcək.
- Əlbəttə, komandamız birinci divizionda çıxış edəcəyi təqdirdə çalışacağıq ki, yerli futbolçulara üstünlük verək. Hazırda digər komandalarda çıxış edən istedadlı uşaqlarımız var ki, onları yenidən heyətə cəlb edə bilərik. Onlar da bizimlə əlaqə saxlayır, komandada oynamağa hazır olduqlarını bildiriblər.
- Əgər komandanız birinc divizionda oynamaq hüququ qazanarsa, “İmişli” komandasının heyətində çıxış edən futbolçulara da imkan yaranacaq?
- Bəli. Ümumiyyətlə, biz komandanın heyətini İmişlidə seçimlər edərək müəyyənləşdirəcəyik. Əgər “İmişli” komandasında da yaxşı futbolçular varsa, onlar mütləq komandaya cəlb olunacaqlar.
- Bir bölgənin iki komandası olmasına münasibətiniz necədir?
- Bu komandalar birlikdə bir adla çıxış edə bilərlər. 2013-cü ildən sonra “MKT-Araz” fəaliyyətini dayandırdı. Həmin 2013-cü ildən “Mil-Muğan” adı altında çıxış edirik. Biz 9 ildir ki, bu adı qorumağa çalışırıq. Bütün sənədləşmə işləri bu klubun adı ilə bağlıdır. Bir sözlə, yekun qərarı AFFA verəcək. Hədəfimiz böyük futbola qayıtmaqdır. Biz istəyirik ki, necə olmasından asılı olmayaraq təki İmişlidə futbol olsun.
- Uzun müddətdən sonra İmişlidə azarkeşlər yenidən stadionlarda görünmək imkanı əldə edəcək. Hesab edirik ki, İmişlidə futbola əvvəlki maraq yenidən bərpa olunacaq.
- Bəli, “MKT-Araz”ın çxış etdiyi dövrlərdə stadiona böyük azarkeş kütləsi toplaşırdı. Premyer Liqada çıxış etdiyi dövrdə İmişlidə böyük futbol bayramı keçirilirdi. Azarkeşlərin stadionda yaratdığı ab-hava futbolçulara böyük dəstək verirdi. Bu gün də İmişlidə futbolun olmağını çox istəyirəm. Qeyd etdiyim kimi, stadion 7200 azarkeş tutumuna malikdir. Ümid edirik ki, stadionumuz yenidən əvvəlki kimi azarkeşlərlə dolacaq.
Anar Əhmədov
Mirheydər Sefiyev: “Hədəfimiz böyük futbola qayıtmaqdır”