"Səbail" rəsmisi: "Baş məşqçi ilə rəhbərliyin fikirləri üs-üstə düşmədi"

"Səbail" rəsmisi: "Baş məşqçi ilə rəhbərliyin fikirləri üs-üstə düşmədi"

"Aftandil Hacıyevlə yeni mövsüm üçün danışıqlarımız gedirdi. Elə alındı ki, fikirlərimiz üs-üstə düşmədi. Qərara gəldik ki, əməkdaşlığımızı dayandıraq".

Bunu Olimpnews-a açıqlamasında "Səbail"in icraçı direktoru Fərəc Əliyev baş məşqçi Aftandil Hacıyevlə vidalaşmalarına münasibət bildirərkən deyib.

Klub rəsmisi mayın 13-də 42 yaşlı mütəxəssislə bir illik müqavilə imzalasalar da, bildirib ki, həmin vaxtdan gələcək üçün danışıqlar davam edib: "Növbəti mövsüm üçün planlarımız müzakirə olunurdu. Axırda baş məşqçinin və rəhbərliyin fikirləri üs-üstə düşmədi. Bütün detalları açıqlaya bilmərəm. Amma ümumi səbəb budur".

Əliyev "Yeni müqavilə pozulduğu üçün baş məşqçi təzminat tələb etdimi" sualını isə belə cavablandırıb: "Maliyyə detallarını açıqlaya bilmərəm. Bu, düzgün olmaz və sirr qalsa, daha yaxşı olar".

İcraçı direktor Hacıyevlə dünən yolların ayrıldığını və yeni baş məşqçi axtarışına bu gündən start veriləcəyini sözlərinə əlavə edib: "Hələlik heç kiminlə danışığımız olmayıb. Tələsmədən axtarışa başlayacağıq. Bu yöndə hansısa dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən "Səbail"in baş məşqçisi olub.