Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçə "Çelsi" klubunun satışı üçün icazə verib.
Olimpnews.azun məlumatına görə, bu barədə rəqəmsal, mədəniyyət, media və idman naziri Nadin Dorris tvitterdə bildirib.
O, ötən gecə London təmsilçisinə satış üçün lisenziya verildiyini vurğulayıb: "Klubun uzunmüddətli gələcəyinə yalnız yeni sahibi ilə təminat verilə bilər. Biz satışdan əldə edilən gəlirin Abramoviçə və ya sankiyalar altında olan digər şəxslərə getməyəcəyindən məmnunuq".
Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqası "Çelsi"nin ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.
Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən, klubunun aktivlərini bloklayıb. Bu səbəbdən, rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.