Azərbaycanın daha 4 karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə start verəcək.
Olimpnews-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək.
67 kq-dakı Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.
Qadınların yarışında 50 kq-dakı İnci Əzizova 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, 55 kq-dakı Mədinə Sadiqova isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.
Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq. Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.