Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı şayiələr yalandır

Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı şayiələr yalandır

Son günlər bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"a hökumətdəki mənbələrdən məlumat veriblər.

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", - mənbə qeyd edib.

Bildirilib ki, belə bir şayiənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.

Bu il seçici siyahılarının dəqiqləşdirilməsi həmçinin Koronavirus pendemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi şəraitində miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin təsirini öyrənməyə imkan yaradacaq.