Belarus yığması UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq.
"OlimpNews"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Georgi Kondratyev açıqlama verib.
62 yaşlı mütəxəssis bildirib ki, ötən ilki heyətdən 11 futbolçu qarşıdakı görüşləri buraxacaq: "Heç vaxt tam heyəti yığmaq mümkün olmur. Çoxlarında millinin düşərgəsinə gəlmək alınmadı. Bəzilərinə zədə, bəzilərinə ailə məsələləri mane oldu. Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi".
Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.