Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub.
Pandemiya ilə əlaqədar iki illik fasilədən sonra Həcc ziyarətinə marağın yüksək olduğu, yüzlərlə vətəndaşların müqəddəs torpaqlara getmək üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət etdiyi bildirilir. Lakin yer məhdudiyyəti səbəbindən bir çox müraciətlər qəbul olunmayıb, onlara növbəti illərdə bu istəklərinə çata biləcəkləri deyilib.
Əvvəlki illərdə Azərbaycandan Həccə gedənlər arasında tanınmış şəxslərə də rast gəlmək olardu, bəs bu dəfə zəvvarlar arasında məşhurlar varmı?
Novoye-vremya.com bu suala cavab tapmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb. İdarənin xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri saytımıza bildirib ki, Həcc ziyarətinə müraciət edənlər arasında hələ ki tanınmış simalar yoxdur.
"Artıq pasportlar yığılıb, siyahıya alınma başlayıb. Müraciət edənlərin arasında hələlik məşhur şəxslər yoxdur. Siyahı başa çatana qədər orada tanınan şəxslərin də olacağı istisna edilmir", - deyə QMİ rəsmisi vurğulayıb.
Qeyd edək ki, QMİ mayın 25-dən etibarən Həcc ziyarəti üçün sənəd qəbuluna başlayıb. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.