İlham Əliyev: “Bu oyunlar Olimpiya oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır"

İlham Əliyev: “Bu oyunlar Olimpiya oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan olunmuşdu və ötən il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ötən ilin ən mötəbər yarışlarından olan XXX London Yay Olimpiya Oyunlarında təmsilçilərimiz tarixi qələbə qazanaraq 10 medal əldə etdilər. 2012-ci ilin yaddaqalan hadisələrindən biri də dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə Avropa Oyunlarının keçirilməsi barədə qərarın qəbul edilməsi oldu. 

Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var idi. Belə ki, səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs toplayan Bakı ev sahibliyi hüququnu əldə etdi. Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Departamentinin direktoru İlham Mədətov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil etmişlər.


Baş Assambleyada Bakı şəhəri və paytaxtımızın idman qurğularının təqdimatı olmuş, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey çıxış edərək, bu oyunların keçirilməsi ideyasının tarixi barədə danışmış və Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək vermişdir. AOK prezidenti şəhərimizin nailiyyətləri, Bakıya səfərə gələnlərin müşahidə etdiyi inkişafdan söz açmışdır. Avropa Olimpiya Komitəsi prezidentinin giriş nitqindən sonra söz AOK prezidentinin müşaviri Endryu Qreqə verilmişdir. O, bu oyunların konsepsiyası barədə danışmışdır. AOK prezidentinin xüsusi nümayəndəsi Pirs O'Kaalaqan çıxışında da federasiyalar və Azərbaycan tərəfi ilə danışıqlardan, Bakının bu oyunları keçirməyə hazır olmasından bəhs edilmişdir.
AOK nümayəndələrinin çıxışlarından sonra söz Azərbaycan nümayəndə heyətinə verildi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakının bu oyunlara ev sahibliyi etmək istəyindən, ölkə gəncləri və şəhər əhalisinin bu xəbəri hansı şövqlə qarşılayacağından danışmışdır. O həmçinin qeyd etmişdir ki, Azərbaycan hökuməti, ictimai strukturları və federasiyalar bugünkü qərarı gözləyirlər. "Bu, Avropa Olimpiya Hərəkatında tarixi andır", - deyə Çingiz Hüseynzadə vurğulamışdır. MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva çıxış edərək, ölkəmizdəki iqtisadi və siyasi sabitlik, inkişaf, Bakının dünyanın bütün turistləri üçün yeni istiqamətə çevrilməsi barədə məlumat vermişdir. K. Nurullayeva çıxışında yerli əhalinin tolerant olmasını da qeyd etmişdir. Təqdimat mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edərək şəhərin idman infrastrukturu, Bakının ev sahibliyi etdiyi və qəbul etməyə davam etdiyi beynəlxalq idman turnirləri, çempionatlar, yarışlar barədə danışmışdır.
Təqdimatın yekununda Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir. O, Azərbaycan hökumətinin iştirakçıların təhlükəsizliyinin qorunmasına, bu oyunları qəbul etmək üçün bütün idman infrastrukturunun tam hazırlığına, siyasi və maliyyə məsələlərinin həllinə təminat verdiyini demişdir. Azad Rəhimovun çıxışından sonra Bakının tarixi, idman və mədəniyyət infrastrukturuna həsr edilmiş film nümayiş etdirilmişdir.
Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi münasibətilə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edərək ilk oyunların Bakıda keçirilməsini böyük tarixi hadisə və ökəmizin böyük uğuru kimi səciyyələndirmişdir: "Dekabrın 8-də Avropa Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğurdan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə ölkəmizdə keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası oldu. İclasda çıxış edən dövlət başçısı Avropa Oyunlarının ölkəmizdə təşkilini böyük tarixi hadisə kimi qiymətləndirdi: "Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur". Dövlətimizin başçısı bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzunun həlledici rol oynadığını, son illər ərzində Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bildiyini qeyd etdi: "Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər, ölkəmizin dinamik iqtisadi inkişafı, əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir".
Azərbaycan Prezidenti ölkəmizin maliyyə resurslarının zənginliyi ilə yanaşı, ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturunun dünya standartlarına uyğun gəlməsinin Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının qəbul olunmasını şərtləndirən amillərdən olduğunu bildirdi: "Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik". Ölkə başçısı bu oyunların Bakıda keçirilməsinin əhali tərəfindən çox yüksək səviyyədə dəstəkləndiyini, ölkəmizin mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəsi olduğunu, Avropa idman ailəsinin bizə etimad göstərməsində idmançılarımızın əldə etdiyi uğurların da böyük rol oynadığını dedi: "Bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini yay Olimpiya oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır. Şəhər infrastrukturu müasirləşir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik. Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz vardır. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir. Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.
Hesab edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir".
Ölkə başçısı artıq Avropa Oyunlarına hazırlıq dövrünün başladığını və bu dövrün çox məsuliyyətli olacağını bildirdi: "İndi isə hazırlıq dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki yay Olimpiya oyunlarından fərqli olaraq, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, yay Olimpiya oyunlarının hazırlığı üçün 6-7 il vaxt verilir. Yəni, bu ilin sentyabr ayında 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarının şəhəri müəyyən ediləcəkdir.
Yəni, o oyunları keçirəcək ölkə təqribən 6-7 il ərzində hazırlıq işləri görəcəkdir. Bizim isə hazırlıq işlərinin görülməsi üçün cəmi 2 il vaxtımız vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır, böyük şərəfdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik.
Bayaq qeyd etdiyim kimi, oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il "Eurovision" mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, "Eurovision" mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də, "Eurovision" müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır".
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva I Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisə kimi dəyərləndirdi. Mehriban xanım regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətlə inkişafının, dünya birliyində tutduğu mövqeyinin, mövcud ictimai-siyasi sabitliyin beynəlxalq ictimaiyyətdə əminlik yaratdığını vurğuladı: "Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir".
Mehriban xanım Əliyeva bu oyunların yüksək səviyyədə təşkil olunacağına əmin olduğunu bildirdi: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında, "Eurovision-2012" mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq".
Təşkilat Komitəsinin sədri keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı bəzi vacib məqamları ölkə başçısının diqqətinə çatdırdı: "I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndəsinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-si və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7-dir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır".
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışların keçirilmə yerləri barədə də məlumat verdi: "I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub.
Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. 25 min tamaşaçı tutumu olan "Baku Crystal Hall"da həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Reqbi-7 idman növü üzrə yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. Boks üzrə yarışların 3 min 250 yerlik "Sərhədçi" İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7 min yerlik "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulub.
I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur".
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparıldığını, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlərin görüldyünü bildirdi.
Mehriban xanım Əliyeva idmançılara təqdim olunacaq medallar, qonaqların yerləşdirilməsi, tədbirin dünyada təbliği məsələlərindən də söz açdı: "Qaydalara uyğun olaraq, Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.
Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır.
Oyunların keçiriləcəyi müddətdə, yəni, 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. İdmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan hotellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan hotel komplekslərindən də istifadə olunacaqdır.
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır.
Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim bu sahədə böyük təcrübəmiz vardır. "Eurovision-2012" mahnı müsabiqəsini hazırlayanda biz gənclərin, könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdilər. Ona görə də I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub.
I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür.
I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar tərəfindən hazırlanır. Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiyanı və fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır. Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır".
Avropa Oyunlarının respublikamızda təşkili ölkəmizin tarixini, mədəniyyətini, idmanın inkişafını dünyaya nümayiş etdirmək üçün böyük imkan yardacaq. Olimpiya oyunları Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin nümayişində də əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, bugünlərdə olimpiadanın proqramına daha bir idman növü - çimərlik həndbolu da daxil edilib. Mart ayında oyunların proqramı təsdiq olunduqdan sonra beynəlxalq və Avropa federasiyaları tərəfindən təşkil olunacaq idman növləri üzrə təsnifat yarışlarının keçirilmə qaydaları müəyyənləşəcək.
Ölkəmizdə belə bir mötəbər idman tədbirinin təşkili, sözsüz ki, bütün xalqımız tərəfindən sevinclə qarşılanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı bir neçə idman mütəxəssisinin fikirlərini öyrəndik.

"Avropa Oyunlarının təşkili Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisədir"

Çingiz Hüseynzadə,
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, Azərbaycan
Atletika Federasiyasının prezidenti:

- Sözsüz ki, mən Avropa Oyunlarının təşkilini müsbət dəyərləndirirəm. Bu, Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisədir. Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ölkəmizə öz müsbət təsirini göstərəcək. Adətən, hər hansı Olimpiya oyunlarını keçirən şəhər yüksək inkişafa nail olur. İnkişaf etmiş böyük dövlətlərin Olimpiya oyunlarına ev sahibliyi uğrunda necə həvəslə mübarizə apardıqlarının şahidi olmuşuq. Olimpiya oyunlarını təşkil etmək üçün hər dəfə dünyanın ən böyük şəhərləri mübarizəyə qoşulurlar. Bu ölkələr mubarizəni elə-belə aparmırlar. Onlar bilirlər ki, bu oyunların keçirilməsi şəhərə böyük xeyir gətirir. London Olimpiadası Londonun, bir növ, simasını dəyişdi. Bu şəhərin inkişafdan qalmış yerlərində yeni Olimpiya obyektlərinin tikilməsi İngiltərə paytaxtının inkişafına çox böyük təsir göstərdi. 2015-ci ildə keçiriləcək Avropa Oyunları da Bakının bir şəhər kimi infrastrukturuna çox böyük təsir göstərəcək. Əlbəttə ki, Azərbaycanın daxili və xarici siyasətinin bir hissəsini idman siyasəti təşkil edir. Avropa Olimpiya Oyunlarının təşkili Azərbaycanın Avropadakı mövqeyini gücləndirəcək, ölkəmizin nüfuzunu qaldıracaq. Bu oyunların ölkəmizdə keçirilməsi yerli əhalinin də marağına səbəb olacaq. İnsanlar ölkəmizdə bu oyunların keçirilməsinin tərəfdarıdırlar və bu oyunların keçirilməsini dəstəkləyirlər. Bu olimpiada, eyni zamanda, çoxlu turistlərin Azərbaycana gəlməsinə də səbəb olacaq. Bu oyunlardan sonra Azərbaycan böyük bir turizm mərkəzinə çevriləcək. Ümumiyyətlə, bunun müsbət tərəflərini saymaqla qurtarmaq olmaz. İdmanın tərəqqisi baxımından da Avropa Oyunlarının təşkili ölkəmizə xeyir verəcək. Azərbaycanda bütün idman obyektləri beynəlxaq səviyyəyə çatdırılacaq, idman infrastrukturu möhkəmləndiriləcək. Oyunların təşkili üçün bu gün bizdə olmayan yeni idman avadanlıqları ölkəmizə gətiriləcək və quraşdırılacaq. Azərbaycanda inkişaf etməmiş idman növlərinin inkişafı başlayacaq. Çünki biz ev sahibi kimi oyunların proqramında olan bütün idman növlərində iştirak edəcəyik və bu baxımdan, həmin növlərdə də idmançılarımızı hazırlamalıyıq. Bütün bunlar Azərbaycan idmanının inkişafına böyük təkan verəcək. Avropa Oyunları ilk dəfə keçiriləcək. Oyunların özünəməxsusluğu elə adından da bəllidir. İllər, yüzilliklər, minilliklər boyu Avropa oyunları davam edərsə, həmişə Bakıda keçiriləcək ilk Avropa oyunlarına istinad olunacaq. Yay Olimpiya oyunlarının vətəni Afina şəhəri sayılırsa, Avropa Oyunlarının vətəni də Bakı şəhəri olacaq. Bundan böyük özünəməxsusluq ola bilməz. Qalan məsələlərə gəlincə, biz, bir növ, mədəni olimpiada təşkil etməyə çalışacağıq. Avropa Olimpiya Oyunları zamanı ölkəmizdə çox geniş mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər çərçivəsində Azərbaycanın adət-ənənələrini, mentalitetini nümayiş etdirən mədəni proqramlar həyata keçiriləcək. Əcnəbi qonaqlara Azərbaycan mətbəxi, Azərbaycan mədəniyyəti, Bakının gözəlliyi, İçəri şəhərin qədimliyi nümayiş etdiriləcək. Bu vaxtadək ölkəmizə gələn qonaqlar Azərbaycandan razı gediblər. İnanıram ki, bu oyunlar zamanı ölkəmizə səfər edən qonaqlar da razı qalacaqlar.

"Bakı Avropa Oyunlarının vətəni kimi 
yaddaşlarda qalacaq"

Ağacan Abiyev,
Azərbaycan Milli Olimpiya
Komitəsinin baş katibi,
Azərbaycan Boks Federasiyasının
vitse-prezidenti, ADBTİA-nın rektoru:

- Ölkəmizdə Avropa Oyunları kimi mötəbər yarışın keçirilməsi ilə bağlı qərarın verilməsi onu göstərir ki, Azərbaycan yüksək səviyyədə inkişaf edib. Əlbəttə ki, Avropa Olimpiya Komitəsi bu qərarı elə-belə verməyib. Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanda idmanın inkişafı ilə bağlı geniş təsəvvürə malikdir. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey bir neçə dəfə Bakıda olub və bir neçə Olimpiya Kompleksinin açılış mərasimində iştirak edib. Avropa qurumunun rəhbəri ilk dəfə 2000-ci ilin oktyabrında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla birgə ölkəmizdəki ilk Olimpiya Kompleksinin açılış mərasimində iştirak etmişdi. Xatırladım ki, 2007-ci ildə ölkəmizə növbəti səfəri zamanı AOK prezidenti Masallı Olimpiya Kompleksinin açılış mərasimində çıxış edərək, Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirmişdi. Patrik Hikkey Azərbaycanın Avropada Olimpiya mərkəzlərindən birinə çevirildiyini vurğulamışdı. Beynəlxalq qurum nümayəndələrinin Azərbaycan haqqında belə yüksək fikirdə olmaları Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının heç də təsadüfi olmadığını deməyə əsas verir. Sözsüz ki, belə böyük miqyaslı tədbirin Azərbaycanda keçirilməsi üçün təkcə idmanın inkişafı azdır. Bunun üçün ölkədə olan siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində ölkənin təcrübəsi kimi vacib məqamlar da nəzərə alınır. Bu qeyd olunan amillər ölkəmizdə yüksək səviyyədədir. Biz nəinki Avropa, həm də dünya səviyyəsində inkişafa nail olmuşuq. Məhz bu amilləri nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadirdir. Digər məsələ ondan ibarətdir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə ölkəmiz dünya idmanı və Olimpiya tarixinə düşəcək. Adətən, sadə vətəndaşlar müxtəlif olimpiadaların neçənci ildə, harada keçirilməsini yadda saxlamırlar. Amma onlar ilk Olimpiya oyunlarının vətəninin hansı şəhər olduğunu bilirlər. Yəni hər hansı yarışın ilk dəfə keçirildiyi yer yaddaşlara həkk olunur. Məsələn, boks üzrə ilk dünya çempionatının 1974-cü ildə Havanada keçirildiyi bir çoxlarının yadındıdar. Yeniyetmələr arasında boks üzrə ilk dünya birinciliyinin Bakıda təşkil edilməsini bütün mütəxəssislər bilirlər. Bu baxımdan deyə bilərik ki, Bakı Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq. Belə bir mötəbər yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün böyük şərəfdir. İndiyədək ölkəmizdə boks, güləş, bədii gimnastika kimi idman növləri üzrə dünya və Avropa çempionatları, Dünya kuboku, beynəlxalq səviyyəli yarışlar təşkil edilib. Ötən il Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirildi. Həmin vaxt paytaxtımıza gələn qonaqlar çempionatın təşkilindən razı qaldılar. Sözsüz ki, bütün bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin dünyadakı nüfuzunu yüksəldir və beynəlxalq qurum nümayəndələrinin bizə olan etimadını artırır. Bu oyunların təşkili bizim üçün böyük məktəb olacaq. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin göstərişi ilə iki dəfə Bakının yay Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Yeri gəlmişkən, deyim ki, Avropa Oyunlarının ölkəmizdə təşkili Bakının yay Olimpiya oyunlarını keçirmək şanslarını da artıracaq. Necə deyərlər, biz dediyimizdən dönməyəcək, qələbəyə doğru gedəcəyik.

"Beynəlxalq qurumların
nümayəndələri Azərbaycana böyük etimad göstərirlər"

Xəzər İsayev,
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti:

- Avropa Oyunları kimi mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan xalqı üçün böyük bayramdır. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yay Olimpiya oyunlarının ölkəmizdə təşkili üçün Bakının iki dəfə namizədliyi irəli sürülüb. Məncə, Avropa Oyunlarının paytaxtımızda təşkili yay Olimpiya oyunlarının ölkəmizdə keçirilməsinə doğru atılmış böyük bir addımdır. Xatırladım ki, Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanda səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüşdü. Görüş zamanı dövlətimizin başçısı Avropa Oyunlarının keçirilməsi ilə bağlı təklif irəli sürmüşdü. Patrik Hikkey bu məsələyə Avropa Olimpiya Komitəsində baxılacağına söz vermişdi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu sahədə yüksək uğurlar əldə olunur. Avropa Oyunlarının ölkəmizdə təşkili ilə bağlı qərarın qəbul edilməsi ilə Bakı idman tarixində iz qoydu. Respublikamızın beynəlxalq səviyyəli yarışların keçirilməsində böyük təcrübəsi var. Məlum olduğu kimi 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib. Əlbəttə ki, Azərbaycanın belə mötəbər yarışlara ev sahibliyi üçün namizədliyini irəli sürməsi ölkəmizdəki inkişafdan xəbər verir. Beynəlxalq qurumların nümayəndələri Azərbaycana böyük etimad göstərirlər. Bunun nəticəsidir ki, ilk Avropa Oyunlarına ev sahibliyi hüququ Bakıya verilib. İnanıram ki, bu oyunlar ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Respublikamızda yaradılan yüksək səviyyəli idman infrastrukturu, ölkədə olan siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı bizə imkan verir ki, bu oyunları yüksək səviyyədə təşkil edək. Artıq müxtəlif növlər üzrə yarışların keçirilməsi üçün yeni idman qurğuları inşa olunur. Proqrama daxil olan bir sıra yeni idman növləri üzrə yarışlar təşkil olunacaq. Bu isə ölkəmizdə inkişaf etməmiş idman növlərinin inkişafına səbəb olacaq. Bütün bunlar gələcəkdə yay Olimpiya oyunlarının ölkəmizdə təşkilinə böyük ümid verir. Çox istərdim ki, oyunlar zamanı hər bir azərbaycanlı özünü idmançı kimi hiss etsin, başqa sözlə, idman hərəkatına, Olimpiya Hərəkatına qoşulsun. Avropa Oyunlarının təşkili Azərbaycanın imkanlarını, xalqımızın mədəniyyətini, adət-ənənələrini Avropa ölkələrinə daha dərindən nümayiş etdirmək üçün böyük imkan yaradacaq.

"Belə bir mötəbər yarışa ev sahibliyi hüququnu qazanmaq asan məsələ deyil"

Namiq Abdullayev,
Olimpiya çempionu,
Azərbaycan Güləş Federasiyasının
vitse-prezidenti:

- Sevindirici haldır ki, ilk Avropa Oyunlarının ölkəmizdə təşkil olunması barədə qərar qəbul olunub. Bu xəbər xalqımızı, bütün idmançıları sevindirdi. Məlum olduğu kimi, paytaxtımızın iki dəfə yay Olimpiya oyunlarını təşkil etmək üçün namizədliyi irəli sürülüb. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bizim üçün böyük dəyəri olacaq. Əlbəttə ki, belə bir mötəbər yarışa ev sahibliyi hüququnu qazanmaq asan məsələ deyil. İndiyədək ölkəmizdə Avropa və dünya çempionatları, Dünya kuboku, beynəlxalq turnirlər ən yüksək səviyyədə keçirilib. Müxtəlif beynəlxalq idman təşkilatlarının nümayəndələri bu yarışlar yüksək səviyyədə ev sahibliyi etdiyimizi bildiriblər. "Eurovision" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etməyimiz bir daha sübut etdi ki, biz belə mötəbər tədbirləri keçirməyə qadirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, idmana da yüksək səviyyəli diqqət və qayğı göstərir. İdman hər hansı bir ölkəni dünyada tanıtmaq üçün əsas sahələrdən hesab olunur. Bayrağımızın yüksəklərə qalxması, himnimizin səslənməsi Azərbaycanda idmanın yüksək səviyyəli inkişafının göstəricisidiir. İnanıram ki, idmançılarımız Bakıda keçiriləcək Avropa Oyunlarında onlara bəslənilən etimadı doğruldacaq, himnimizi səsləndirəcək, bayrağımızı yüksəldəcəklər. Hesab edirəm ki, güləşçilərimiz London Olimpiadasında uğur qazandıqları kimi, Avropa Oyunlarında da nailiyyətlər əldə edəcəklər.