Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan konfransda ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin rəhbərləri, televiziya nümayəndələri, həmçinin hüquqşünaslar və MSK təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirin əhəmiyyətindən bəhs edərək, burada əsas məqsədin jurnalistlərə seçki prosesində öz fəaliyyət istiqamətləri və hüquqlarını bir daha yada salmaq və maarifləndirmə işi aparmaqdan ibarət olduğunu söyləyib. V.Səfərli bildirib ki, prezident seçkilərində jurnalistlərin üzrərinə seçkilərdə müşahidə aparmaq və ictimaiyyətə düzgün məlumatlar çatdırmaq kimi məsuliyyətli bir vəzifə düşür. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məlumatların ölkə cəmiyyəti və beynəlxalq ictimaiyyətə intensiv şəkildə çatdırılmasında jurnalistlərin rolu əvəzsizdir.
«Azərbaycan o xalqlardandır ki, öz müqəddaratını özü həll edir», - deyən MSK-nın sədr müavini Natiq Məmmədov daha sonra vurğulayıb: "Hakimiyyətin idarə olunmasından danışdıqda, seçkilərin keçirilməsinə xüsusi baxmaq lazımdır. Bu prosesin şəffaf keçirilməsindən danışanda, prosesi KİV-siz təsəvvür etmək mümkün deyil. KİV-lərin bu prosesdə rolu əvəzsizdir. Çünki KİV bu prosesin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında birbaşa rol oynayan institutdur. Ancaq jurnalistlər bu prosesi işıqlandırarkən öz məsuliyyətlərini, davranışlarını, eyni zamanda hüquqlarını unutmamalıdırlar. Mən inanıram ki, konfransda seçki prosesində jurnalistlərin hüquq və fəaliyyətləri ilə bağlı qeyd edilən məqamlar KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılacaq”. O qeyd edib ki, Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilməsi üçün öhdəsinə düşən bütün işləri görür.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistlərin seçkilərdə iştirakının aktual olduğunu qeyd edərək seçki prosesinin KİV-də işıqlandırılması ilə bağlı monitorinq keçirildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər, qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər. Ə.Amaşov bildirdi ki, seçkilərlə bağlı mətbuatda gedən yazıları, seçkilər-polis-jurnalist münasibətlərini müşahidə etmək üçün monitorinq qrupu yaradılıb. Mətbuat Şurasının sədri əlavə edib ki, bu günə qədər Mətbuat Şurasına jurnalistlər tərəfindən prezidentliyə namizədlərlə bağlı ictimaiyətdə "qara piar"ın aparılması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.
MSK üzvü Azər Tağıyev isə "Jurnalistlər tərəfindən seçki prosesində müşahidə aparılmasının hüquqi əsasları”ilə bağlı məruzəsində bildirib ki, seçki prosesi zamanı səlahiyyətli orqanlar jurnalistləri maraqlandıran məsələlərə dərhal münasibət bildirməlidir. Jurnalist müşahidə zamanı qanun pozuntusu aşkar edərsə, Komissiyaya məlumat vermək hüququna malikdir: "Müşahidəçilər kimi jurnalistlərin də yardımı bizim üçün vacibdir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha genişdir. Ona görə də jurnalistlər tərəfindən seçki prosesində qanun pozuntu aşkar edilərsə, onlara bu qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara müraciət etməyə də icazə verilir. Qanun pozuntusu varsa, ona dərhal münasibət bildirilir. Jurnalist bu qanun pozuntusu barədə müşahidəçiyə də məlumat verə bilər. Qanunların hər birində məlumatı alma qaydaları, bunun müddəti müəyyən edilib. Amma seçki prosesində KİV nümayəndəsi məlumatı dərhal almaq hüququna malikdir”.
Hüquqşunas Aydın Kərimov isə "Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda çıxış edib. O, jurnalistlərin seçki prosesində əsas müşahidəçilərdən olduğunu xatırladıb. A.Kərimov bu prosesin hüquqi nöqteyi-nəzərdən birbaşa izlənməsini və informasiya yaymağın məhz jurnalistlərin imkanları daxilində olduğunu vurğulayıb.
Daha sonra konfrans çərçivəsində mövzu ilə bağlı müzakirələr aparıldı. KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən "Jurnalistlərin seçki müşahidəçiliyi vərdişlərinin artırılmasına yardım" layihəsi çərçivəsində nəşr olunan "Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün bələdçi" kitabçasının əhəmiyyətindən də geniş bəhs olunub.
Konfrans diskussiyalarla davam etdirilib.