Dünya Ədalətli Oyunlar Günü idmanda ədalətli oyunu və etik dəyərləri təşviq etmək üçün nəzərdə tutulmuş idman təşəbbüsüdür. İstər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüslərini, layihələrini və uğurlarını vurğulamağa dəvət olunur. Sentyabrın 7-də ölkəmizdə də Dünya Ədalətli Oyunlar Günü qeyd olunacaq. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev bu qurumun son dövrlərdəki fəaliyyəti və Dünya Ədalətli Oyunlar Günü ərəfəsində keçiriləcək tədbir barədə "Olimpiya dünyası" qəzetinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Xəzər müəllim, istərdik ki, əvvəlcə rəhbərlik etdiyiniz Azərbaycan Ədalətli Oyunlar Komissiyasının fəaliyyəti barədə danışasınız.
- Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası Avropa Ədalətli Oyunlar Komissiyası ilə çox sıx əlaqədədir. Uzun müddətdir ki, biz birgə tərəfdaşlıq edirik. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi keçirilmişdi. Həmin tədbirdə dünyanın bütün ədalət simvolu olan Olimpiya komitələri və bu təşkilatın üzvləri iştirak edirdi. Bu günə qədər çalışırıq ki, qarşımıza qoyduğumuz məqsədləri həyata keçirək. Əsas məqsədimiz xüsusilə uşaq və gənclər arasında ədalətli oyun ideyalarının və prinsiplərinin təbliği, maarifləndirmə işlərinin həyata keçirilməsi, idmançıların və komandaların mükafatlarla təltif edilməsindən ibarətdir. Bununla onların hər birinə diqqət göstərməyə çalışırıq ki, ədalət prinsiplərini dərindən mənimsəsinlər. Biz hər il idman ictimaiyyəti arasından ilin yekunu ilə əlaqədar nominantlar seçir və onları Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlandırırıq. Bu ənənənə bu gün də davam etdirilir. Biz 5 nominasiya üzrə qalibləri müəyyən edəcəyik. Qaliblər Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi, Ədalətli oyun prinsiplərinə sadiq hakim, ədalətli oyun prinsiplərinə sadiq məşqçi, Ədalətli oyun prinsiplərinə sadiq idmançı və Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı nominasiyaları üzrə təltif olunacaqlar. Çalışırıq ki, ədalət prinsiplərini bütün idman qurumlarında, klublarda, cəmiyyətlərdə, ölkəmizdə keçirilən ölkədaxili və beynəlxalq yarışlarda tətbiq edərək təbliğat işlərini aparaq. Ədalət prinsipləri təkcə idmanla məhdudlaşmır. Bu prinsiplər idmançıların həm həyatda, həm də təhsildə olan həyat tərzini işıqlandırmaq üçün geniş imkanlar yaradır. Bir sözlə, bu gün Azərbaycan Ədalətli Oyunlar Hərəkatı öz fəaliyyətini uğurla davam etdirir.
Qeyd edim ki, noyabr ayında İtaliyanın paytaxtı Romada Avropa Ədalətli Oyunlar Hərəkatının qala proqramı keçiriləcək. Bildiyiniz kimi, mən Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvüyəm. Bu səbəbdən də Azərbaycan nümayəndə heyəti olaraq mən də həmin tədbirdə iştirak edəcəyəm.
- Sentyabrın 7-si Dünya Ədalətli Oyunlar Hərəkatı Günü kimi qeyd olunur. Azərbaycanda da bu xüsusi günlə əlaqədar tədbir keçiriləcək. Mümkünsə, həmin tədbir barədə məlumat verərdiniz.
- Biz bu gün Avropa Ədalətli Oyunlar Hərəkatının, həm də Beynəlxalq Ədalətli Oyunlar Komissiyasının üzvüyük. Bəli biz də bu xüsusi gün münasibəti ilə həmin ərəfədə tədbir keçirəcəyik. Bizim bir neçə təqdimatlarımız var. Bu tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə "Con Borotra" Dünya Ədalətli Oyunlar mükafatı təqdim olunacaq. Bundan başqa biz Avropa Ədalətli Oyunlar Hərəkatının fotomüsabiqəsinə şəkillər göndərmişdik. Artıq həmin fotoqrafların sertifikatları ölkəmizə gəlib. Sevindirici haldır ki, bizim fotoqraflarımız 64 iştirakçı arasında müvafiq olaraq, 9, 11 və 12-ci yerləri tutublar. Bu tədbirdə həmin fotoqrafların da sertifikatlarını təqdim edəcəyik. Bundan başqa tədbirdə Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyi və INBA Qlobal Azərbaycan Birliyi ilə memorandum imzalanacaq. Bu üçtərəfli memoranduma əsasən biz birgə tədbirlər təşkil edəcəyik.
- Gələn il Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 25 illik yubileyi qeyd olunacaq. Bu tədbirə necə hazırlaşırsınız?
- Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 1998-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat elə həmin ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. Komissiyaya əvvəllər MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, sonradan Olimpiya çempionu Rəfiqə Şabanova, 2000-ci ildən isə mən rəhbərlik edirəm. Bu dövr ərzində Azərbaycan idman ictimaiyyəti bizimlə sıx əlaqə saxlayır, ədalət prinsipləri pozulduğu hallarda bizə müraciət edir. Biz də öz növbəmizdə çalışırıq ki, bu məsələləri həll edək. 2018-ci ildə 20 illik yubileyimiz təntənəli surətdə qeyd olunmuşdu. 25 illik yubileyi də çalışacağıq ki yüksək səviyyədə qeyd edək. Düzünü desəm, biz hələ tədbirlərlə bağlı təkliflərimizi verməmişik. Yəqin ki, həmin ərəfədə də Azərbaycanda Ədalətli Oyunlar hərəkatı ilə bağlı yeni kitab çap olunacaq. Əslində, Avropa Ədalətli Oyunlar Hərəkatının rəhbərliyi təkid edir ki, bu qurumun üzvləri yenidən ölkəmizdə bir araya gəlsinlər. Onlar istəyirlər ki, bu qurumun konqresi və Assambleyası növbəti dəfə Azərbaycanda keçirilsin. Qeyd edim ki, daha əvvəl 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Mən bu təklifi rəhbərliyin diqqətinə çatdıracağam. Əgər razılıq əldə olunarsa, bu barədə Avropa Ədalətli Oyunlar Hərəkatı ilə müqavilə bağlayıb təşkilatın işini Azərbaycana fəvalə edə bilərik.
- AMADA ilə birgə tədbirlərin keçirilməsi gözlənilirmi?
- Biz pandemiyadan əvvəl AMADA ilə birgə tədbir keçirmişik. Həmin tədbirə Azərbaycanda olan məşhur idmançıları və idman ictimaiyyətinin nümayəndələrini dəvət etmişdik. Tədbirdə AMADA-nın dopinqə qarşı mübarizəsi haqqında müəyyən informasiyalar verilmiş və həmin proqram əsasında videoroliklər, şəkillər göstərilmişdi. Dopinqlə mübarizə bizim ədalət prinsiplərimizin tərkib hissəsidir. Biz həmişə bu haqsızlığa qarşı çıxmışıq. Ona görə də AMADA ilə bizim fəaliyyətimiz olub və bundan sonra da birgə işlərimizi davam etdirəcəyik. Bundan başqa Narkomaniya bu gün idmana da ayaq açıb. Çalışacağıq ki, bununla bağlı Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyi ilə təbliğat xarakterli birgə layihələr həyata keçirək.
- İstərdik son olaraq Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan qurumlar arasında hər il ənənəvi keçirilən futzal yarışı haqqında məlumat verəsiniz. Bildiyimizə görə bu tədbir eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunacaq.
- Biz Dövlət Gömrük Komitəsinin yaranmasından bu günədək hər il futzal yarışlarını keçiririk. Yarışın təşkilində əsas məqsəd Gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır. Turnirin yekunu ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf edir. Gələn il də bu yarışı keçirmək bizim əsas planlarımızdan biridir. İnşallah istərdik ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu turnirin final görüşünü Qarabağ torpağında keçirək. Ümummilli lider Heydər Əliyevin də arzusu Qarabağ torpaqlarını azad görmək idi. Belə bir yarışın final görüşünü həmin torpaqlarda keçirmək bizim üçün çox xoş olardı. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı turnir üçün xüsusi kuboklar, medallar və mükafatlar da hazırlanacaq. Bir sözlə, çalışacağıq ki, bu tədbir yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalsın. Onu da qeyd edim ki, biz bütün işlərimizi Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə razılaşdıraraq həyata keçiririk. Bizim bu barədə təkliflərimiz var və biz bu təklifləri rəhbərliyə məruzə edəcəyik. Razılıq əldə olunarsa, bu turnirin finalı Qarabağda keçiriləcək.
Azər Əlizadə