“Azərbaycanda keçirilən yarışda iştirak etdiyimizə görə çox məmnunam. Biz buraya çərşənbə günü gəldik. Zəngilan Hava Limanının da açılış mərasimi var idi. Prezident Rəcəb Tayyib Ərdoğanın, gənclər və idman naziri Mehmet Kasapoğlunun salamlarını sizə çatdırmaq istəyirəm”.
Bu sözləri Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavid Kabakçı “Mingəçevir reqatası - 2022”ni izləyərkən jurnalistlərə açıqlamasında deyib.
O, yarışların ilk günündə azad edilmiş torpaqlarda, Suqovuşanda keçirilən turnirdə iştirak etdiklərinə görə məmnun olduğunu bildirib. “Azərbaycanın tarixi torpaqlarında belə bir mötəbər turnirin keçirilməsi bizi çox sevindirdi. Biz bu torpaqların azadlığı uğrunda Azərbaycanın bir çox şəhid verdiyini öyrəndik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu yarışların burada keçirilməsinə görə başda Azərbaycan Prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Alper Kabakçı qeyd edib.
Yarışda 13 ölkənin nümayəndəsinin mübarizə apardığını deyən türkiyəli federasiya prezidenti öz ölkələrinin təmsilçilərinin də bu reqatada uğurla çıxış etdiyini vurğulayıb:
“Bizim idmançılarımız da bu yarışda iştirak edir və artıq onlar qızıl medallar qazanıblar. Bir millət iki dövlət şüarı ilə can Azərbaycanda olmaqdan məmnunuq. Gələcəkdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə birlikdə ortaq layihələr həyata keçirəcəyik. Bu layihələrə əsasən bizim komanda buraya, azərbaycanlı idmançılar isə Türkiyəyə gələcəklər”.
Alper Kabakçı gələn il ulu öndər Heydən Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq turnirə də böyük məmnuniyyətlə qatılacaqlarını deyib:
“Gələn ilin may ayında Azərbaycanın ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə Azərbaycanda daha böyük yarış keçiriləcək. İnanıram ki, Azərbaycan daha yüksək səviyyəli tədbirlərə ev sahibliyi edəcək. Böyük yarışlar görmək diləyi ilə hər kəsə uğurlar arzulayıram”.
Azərbaycanda keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən federasiya rəhbəri türkiyəli idmançıların avarçəkmə növündə fəal olduğunu bildirib. O, həmçinin türkiyəli idmançıların dünya, Avropa və Olimpiya Oyunlarında yüksək nəticələr əldə etməsi üçün daha səylə çalışacaqlarını vurğulayıb.
Azər Əlizadə