"Artıq ikinci dəfədir ki, Qarabağda, Suqovuşanda belə bir tədbir həyata keçiririk. Birinci dəfə beş ölkə yarışlarda iştirak edirdisə, bu dəfə ki turnirdə artıq iştirakçı ölkələrin sayı 13-dür".
Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev "Mingəçevir reqatası-2022"nin Suqovusanda keçirilən açılış mərasimində deyib.
Federasiya rəsmisi budəfəki reqatanın Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edildiyini deyərək, yarışın gələcəkdə də ənənəvi olaraq keçiriləcəyini bildirib.
"Bu tədbir 50 ildən artıqdır ki, ənənəvi olaraq keçirilir. Yarışı növbəti illərdə də keçirmək istəyirik. Gələcəkdə təkcə Suqovuşanda deyil, Füzulidə, Qubadlıda və Qarabağın digər regionlarında da belə mötəbər tədbirlərin keçirilməsi planlaşdırılır. Bunun üçün su hövzələrinə baxışlar keçiririk. Tezliklə, həmin regionlara səfər edərək, yoxlanışlar aparacağıq. Əgər biz beynəlxalq tədbir keçirmək istəyiriksə, vəziyyəti öyrənmək üçün xarici mütəxəssislər də dəvət edəcəyik. Bütün bu proseslər başa çatandan sonra tədbirin nə vaxt keçiriləcəyi barədə dəqiq fikir söyləmək olar",- deyə Fərhad Əliyev bildirib.
Azər Əlizadə