Zeki Öztürk: “Azərbaycan qısa zaman ərzində hazırlıq işlərini yüksək səviyyədə görüb”

Zeki Öztürk: “Azərbaycan qısa zaman ərzində hazırlıq işlərini yüksək səviyyədə görüb”

“Qarabağ zəfərindən sonra Suqovuşanda ikinci dəfə beynəlxalq yarışın təşkil edilməsi Azərbaycanın sadəcə, döyüş və iqtisadiyyat meydanında deyil, idman sahəsində də qüdrətini göstərir”.

Bu sözləri “Mingəçevir reqatası-2022”nin Suqovuşanda keçirilən açılış mərasimində iştirak edən Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk deyib.  

O, Azərbaycanın qısa zaman ərzində yarışa yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

“Mən burada sonuncu dəfə iki həftə əvvəl olmuşdum. Həmin vaxt hələ tribunalar tam qurulmamışdı. Lakin bu gün görürəm ki, bütün hazırlıq prosesi uğurla yekunlaşıb. Azərbaycan qısa zaman ərzində hazırlıq işlərini yüksək səviyyədə görüb. Buna görə də Gənclər və İdman Nazirliyini,  Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təmsilçilərini və bu işdə  əməyi keçən hər kəsi təbrik edirəm. Həqiqətən də qısa müddət ərzində burada belə bir şərait qurub, yarış keçirmək təqdirəlayiqdir. Ölkəmiz də bu turnirdə mübarizə aparır. Hər sahədə olduğu kimi Azərbaycana bu mövzuda da dəstək oluruq. Bu yarışların ədalətli şəkildə keçməsini və layiqli idmançıların qalib gəlməsini istəyirik. Amma daxilimizdə Azərbaycan və Türkiyə komandalarının bu yarışda ən çox medal qazanan ölkə olmasını arzulayırıq. Bütün yarış iştirakçılarına uğurlar arzulayır və Suqovuşandakı yarışların növbəti illərdə də təşkil olunmasını diləyirəm”, - deyə Zeki Öztürk bildirib.

 

Azər Əlizadə