"Bu gün "Mingəçevir reqatası-2022"nin bağlanış mərasimidir. Bu tədbirin keçirilməsi Azərbaycanın həm idman, həm də ictimai-siyasi həyatında mühüm bir hadisədir".
Bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli "Mingəçevir reqatası-2022" yarışlarını izləyərkən jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirib.
"Bu ilin may ayında ulu öndərin il dönümünə həsr olunmuş avarçəkmə yarışı ilk dəfə işğaldan azad olunmuş Suqovuşanda keçirildi. Bu, sadəcə, idman yarışı deyil, həm də turnirdə iştirak edən ölkələr, dünya ictimaiyyəti üçün bir mesaj idi ki, Azərbaycan işğaldan azad edilmiş torpaqları sülh və idman yarışları üçün istifadə edir. Budəfəki reqataya da Suqovuşanda start verildi və Mingəçevirdə yekun vuruldu. Bu yarışda 13ölkənin nümayəndələri iştirak edir. Biz bir çox ölkələrin federasiyaları ilə görüşüb, söhbət etdik. Gürcüstan, Moldova, Serbiya və digər ölkələrin hamısı Azərbaycanı, onun rəhbəri cənab Ali Baş Komandan İlham Əliyevi təbrik edirdilər. Onlar Azərbaycanın əldə etdiyi bu uğura, öz ərazilərini işğaldan azad etməsinə görə sevinirdilər. Bir daha Azərbaycan idman ictimaiyyətini bu tədbir münasibəti ilə təbrik edirəm. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası qısa zaman ərzində çox ciddi uğurlara imza atıb. İnanıram ki, bu uğurlar gələcəkdə də davam edəcək. Bildiyiniz kimi, gələn il ulu öndərin 100 illiyi qeyd olunacaq. Cənab Prezident tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunub. Əminəm ki, gələn ilin may ayında bu yarışlar burada daha yüksək səviyyədə təşkil olunacaq", - deyə Əli Hüseynli qeyd edib.
Azər Əlizadə