Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 61 ölkədən 366 (206 kişi, 160 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparır. Üç gün davam edəcək yarışda ölkəmizi 37 (28 kişi, 9 qadın) cüdoçu təmsil edir. İlk yarış günündə Azərbaycanın ümumilikdə 13 idmançısı tatami üzərinə çıxacaq. Kişilər arasında 60, 66, qadınların yarışında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.
Milli komandamızın üzvlərindən Kəramət Hüseynov Vijay Yadav (Hindistan), Balabəy Ağayev Şerzod Davlatov (Qazaxıstan) - Maksimilian Heyder (Almaniya) cütünün qalibi, Rövşən Əliyev portuqaliyalı Rodriqo Lopes (Portuqaliya), Turan Bayramov (hamısı 60 kq) İvan Salas (Venesuela) - Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.
Orxan Səfərov Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yaşar Nəcəfov Kolumbiya təmsilçisi Xuan Ernandes, İslayıl İbrahimov serbiyalı Strahinja Bunçiç (Serbiya), Kamran Süleymanov (hamısı 66 kq) isə Ayyub Elidrissi (Qətər) ilə gücünü sınayacaq.
Yığmamızın üzvlərindən Leyla Əliyeva meksikalı Edna Karillo, Aişə Qurbanlı Qaliya Tınbayeva (Qazaxıstan), Ramilə Əliyeva (hər üçü 48 kq) Marusa Stanqarı (Sloveniya) sınağa çəkəcək.
Gültac Məmmədəliyeva İsveçrə idmançısı Binta Ndiaye, Aydan Vəliyeva isə Faiola Diaz (Venesuela) ilə qarşılaşacaq.