Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində ilk yarış gününə yekun vurulub. Heydər Əliyev adına İdman arenasında keçirilən yarışın birinci günü Azərbaycan idmançıları üçün 3 medalla yadda qalıb. Cüdoçularımız günü 1 qızıl və 2 bürünc medalla başa vurub. -60 kq çəki dərəcəsində yarışan idmançımız Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb. -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov isə serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalını qazanıb.
“Böyük dəbilqə”: cüdoçularımız ilk yarış gününü 3 medalla başa vurdular