Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ 

Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ 

Noyabrın 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) "Olimpiya, incəsənət və idman" adlı sərginin açılış mərasimi keçirilib. Sərgisində iştirak edən MOK-un baş katibi Azər Əliyev tədbirlə bağlı fikirlərini, eləcə də yubiley barəsində təəssüratlarını «Olimpiya dünyası» qəzeti ilə bölüşüb.           

 

- Azər müəllim, bugünki tədbirlə bağlı öz fikirlərinizi bildirərdiniz.

- «Olimpiya, incəsənət və idman» sərgisi çox yüksək səviyyədə təşkil olunub. Sərgidə müxtəlif rəsam və heykəltaraşların idman mövzusunda ərsəyə gətirdikləri əsərlər nümayiş olunur. Onların heç biri dəyər və sənətkarlıq baxımından biri-birindən seçilmir. Lakin qeyd edim ki, Milli Olimpiya Komitəsinin inzibati binasına daxil olarkən, foyedə asılmış xalça daha möhtəşəm alınıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın şəkilləri həmin xalçada öz əksini tapıb. Bu o deməkdir ki, ölkəmizdə idman sahəsində də öz bacarığını nümayiş etdirən istedadlı insanlar yaşayır. Onların yaratdığı sənət nümunələri dəyərli bir xəzinədir və gələcək nəsillərə yadigardır.


- Milli Olimpiya Komitəsinin 30 illik fəaliyyətindən söz düşərkən, daha çox hansı fikirləri qeyd etmək istərdiniz?  
 
- Bildiyiniz kimi, hazırda Milli Olimpiya Komitəsi özünün 30 illik yubileyini qeyd edir. İl ərzində yubileylə bağlı silsilə tədbirlər təşkil olunub. Qarşıda daha böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Doğrudan da Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti yüksək sözlərə layiqdir. Komitənin yaradıldığı dövr çox çətin və keşməkeşli olmuşdu. Milli Olimpiya Komitəsi cənab İlham Əliyevin sayəsində qısa müddət ərzində böyük inkişaf yolunu keçib. İdmançılarımız böyük qələbələrlə xalqımızı sevindirdilər. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir. Burada idman sahəsi də dövlət qayğısından kənarda qalmayıb. Cənab Prezident idmançıların və idman sahəsində çalışan hər bir mütəxəssisin işini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir. 

 

- Ölkəmizin ev sahbliyi etdiyi mötəbər yarışlar barəsində də fikirlərinizi bildirərdiniz.  

- Azərbaycanda bu günə kimi müxtəlif idman növləri üzrə nüfuzlu idman tədbirləri təşkil olunub. Azərbaycan hər bir mötəbər yarışda sözün əsil mənasında dünyanı heyrətləndirib. Ölkəmiz 7 il əvvəl tarixdə ilk dəfə təşkil olunan I Avropa Oyunlarına ev sahibliyi etdi. Bu tədbir bütün dünyaya səs saldı. Hər birimiz bu Oyunların təşkilində iştirak etdik. Ardınca IV İslam Həmrəyliyi Oyunları paytaxtımızda təşkil edildi. Həmin Oyunların da öhdəsindən layiqincə gəldik. Artıq bizim istənilən mötəbər yarışın təşkilində kifayət qədər təcrübəmiz var. 


- Bilirik ki, özünüz də idmanla məşğul olursunuz. İstərdik ki, bir qədər də bu barədə danışardınız.

- Azərbaycanda idman ən populyar bir sahədir. Biz çalışmalıyıq ki, gələcək nəsillər sağlam ruhda böyüsünlər. Sağlam insanlar hər zaman cəmiyyət üçün dəyərli bir nümunədirlər. Bəli, mən də idmanı çox sevirəm. Uzun müddət idmanla məşğul olmuşam. Hər kəsə tövsiyyə edirəm ki, növündən asılı olmayaraq, fürsət düşəndə məşqlərdən kənarda qalmasınlar. 

Anar Əhmədov
      
  

Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ  Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ  Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ  Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ