Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni ictimaiyyətə təqdim olunub. Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında MOK-un 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə təqdim olunan Olimpiya Himni böyük marağa səbəb olub. İlk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.
6 ay davam edən layihədə Himn əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində ən mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsliə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.
Olimpiya Himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.
Yeni üslubda hazırlanan Olimpiya Himninin klipini təqdim edirik.