Həndbol üzrə Azərbaycan çempionatı davam edir. Kişilərin mübarizəsində ikinci turun görüşləri keçirilib. Növbəti oyun günündə meydançaya əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu 29-28 hesabı ilə nəticələnmişdi. Azarkeşləri önünə revanş hissi ilə çıxan son çempion çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Baxmayaraq ki, ilk hissə 14:9 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq göstərən “Məhsul” hesabda tarazlıq yaratmağı bacarıb - 21:21.
Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” komandası çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.
Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30 hesabı ilə qalib gəlib.
“U-16” – “Təhsil” görüşü isə 22:46 hesabı ilə başa çatıb.
Azərbaycan çempionatında mübarizə davam edir