Noyabrın 15-də Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev teqbolun ixtiraçısı və həmtəsisçisi, Beynəlxalq Teqbol Federasiyanın (BTF) prezidenti Gabor Borsanyi ilə görüşüb. Görüşdə yeni təsis olunan BTF-in Azərbaycanda inkişafından, teqbolun üstünlüklərindən və gənclərin bu idman növünə olan marağından bəhs edilib. O cümlədən, teqbolun Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə də söhbət aparılıb.
Beynəlxalq federasiyanın prezidenti G.Borsanyi Azərbaycan teqbolçularına beynəlxalq dərəcəli məşqçilər tərəfindən təlimlərin keçirildiyini, idmanın bu növünün inkişafında ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.
MOK-un baş katibi A.Əliyev əməkdaşlığa dair məsələlərin müzakirəsinə və teqbol idman növünün Olimpiya Oyunlarının proqramına salınmasını müsbət yanaşdığını bildirib.
Görüşdə MOK-un İdman idarəsinin rəhbəri Həsənağa Rzayev, Xarici əlaqələr idarəsinin direktoru Anar Bağırov, Teqsports beynəlxalq biznesin inkişafı şöbəsinin rəhbəri İstvan Döbrei, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma da iştirak ediblər.
Sonda xatirə şəkli çəkilib.