Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov Asiya Paralimpiya Komitəsinin prezidenti Macid Raşed və Braziliya Milli Paralimpiya Komitəsinin rəhbəri Mizael Konrado ilə görüşüb.
Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Berlində növbədənkanar Baş Assambleyası çərçivəsində keçirilən görüşdə İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatının inkişafı, ölkədə aparılan idman siyasəti, əldə olunmuş nailiyyətlər, eləcə də IBSA-nın fəaliyyəti barədə ətraflı məlumat verib.
İ.Rəhimov Tokioda keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Paralimpiya komandasının nəticələrini xatırladaraq bildirib ki, AMPK öz təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu bildirən AMPK rəhbəri Prezident İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
İ.Rəhimov, eyni zamanda, IBSA-nın fəaliyyəti, təşkilatda mövcud olan idman növləri barədə geniş məlumat verərək qeyd edib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə qurum tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O, görmə məhdudiyyətli şəxslər arasında idmanın təbliğ edilməsinin çox vacib olduğunu qeyd edib.
Asiya Paralimpiya Komitəsinin prezidenti M.Raşed və Braziliya Milli Paralimpiya Komitəsinin rəhbəri M.Konrado öz növbələrində Azərbaycanda Paralimpiya hərəkatının inkişafını, eyni zamanda, dünyada hərəkatın inkişaf etdirilməsi məqsədilə apardığı işləri yüksək qiymətləndiriblər.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Müzakirələrə Özbəkistan Paralimpiya Komitəsinin baş katibi Farrux Axmedov da qoşulub. Baş katib cari ilin noyabrın 8-10-da Bakıda keçirilmiş paracüdo üzrə dünya çempionatının yüksək səviyədə keçirildiyini bildirərək İ.Rəhimova qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü bildirib.
AMPK-nın prezidenti Asiya və Braziliya Milli Paralimpiya komitələrinin rəhbələri ilə görüşüb