Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov İtaliya Milli Paralimpiya Komitəsinin prezidenti Luka Pankalli və Filippin Milli Paralimpiya Komitəsinin prezidenti Maykl Barredo ilə görüşü keçirilib.
Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) növbədənkanar Baş Assambleyası çərçivəsində keçirilən görüş zamanı İlqar Rəhimov Azərbaycanda paralimpiya hərəkatının inkişafı, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, ölkənin idman siyasəti, eləcə də dünyada ilk dəfə olaraq yaradılan uşaq paralimpiya hərəkatının fəaliyyəti barədə məlumat verib. Paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu qeyd edən İlqar Rəhimov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Eyni zamanda İ.Rəhimov IBSA-nın fəaliyyəti, təşkilatda mövcud olan idman növləri barədə geniş məlumat verərək, bildirib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə qurum tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O, İtaliya və Filippin Paralimpiya Komitələrinin IBSA-nın fəaliyyətində yaxından iştirak etdiyi üçün komitə prezidentlərinə təşəkkürünü bildirib.
Görüş iştirakçıları öz növbələrində Azərbaycanda paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirərək ölkələr arasında bu istiqamətdə sıx əməkdaşlıq edilməsinin vacib olduğunu bildiriblər.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.
Azərbaycan, İtaliya və Flippin Paralimpiya komitələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub