Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) növbədənkənar Baş Assambleyası çərçivəsində keçirilmiş üzv ölkələrin iclasında çıxış edib.
Çıxış zamanı Komitə prezidenti İlqar Rəhimov Azərbaycanda paralimpiya hərəkatının inkişafı, ölkəmizdə əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, əldə edilmiş nailiyyətlər və gələcəkdə görüləcək işlər barədə məlumat verib.
Komitə prezidenti bildirib ki, 1996-cı ildə öz fəaliyyətinə başlayan Milli Paralimpiya Komitəsi minlərlə fiziki məhdudiyyətli şəxsləri idmana cəlb edib, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb. Yarandığı gündən daima Beynəlxalq Paralimpiya Komitəsi ilə sıx əməkdaşlıq edən Azərbaycan Milli Paralimpiya Komitəsi hər zaman qurum ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün işlər görür. İ.Rəhimov bildirdi ki, təsadüfi deyil ki, 2019-cu ildə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr edilmiş "Yenilməzlər” beynəlxalq qala-təqdimatı məhz Azərbaycanda keçirilib və bu ölkəmizdə paralimpiya hərəkatına olan diqqətin əyani göstəricisidir.
Azərbaycanda paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu bildirən Komitə prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Daha sonra Komitə prezidenti dünyada ilk dəfə Azərbaycanda yaradılan uşaq paralimpiya hərəkatının fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək, eləcə də yeni nəsil paralimpiyaçıları yetişdirmək Komitənin prioritet məsələlərindəndir.
Çıxışının yekununda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin digər ölkələrin müvafiq qurumları ilə də sıx əlaqələr yaratdığını, ölkəmizin paralimpiya hərəkatının inkişaf modelinin böyük məmnuniyyətlə digər ölkələrlə də bölüşməyə hazır olduğunu bildirib.
İlqar Rəhimov IPC-nin növbədənkənar Baş Assambleyası çərçivəsində keçirilmiş üzv ölkələrin iclasında çıxış edib