İlqar Rəhimov Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib

İlqar Rəhimov Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti (AMPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov Afrika Paralimpiya Komitəsinin prezidenti Samson Deenin dəvəti ilə qitənin Milli Paralimpiya komitələrinin iclasında iştirak edib.
İ.Rəhimov iclasda Azərbaycanda Paralimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verib.
Komitə prezidenti bildirib ki, 1996-cı ildə öz fəaliyyətinə başlayan AMPK minlərlə fiziki məhdudiyyətli şəxsi idmana cəlb edib, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb və idmanla yanaşı ölkədə digər müxtəlif sosial layihələr həyata keçirib.
İ.Rəhimov IBSA-nın hazırki fəaliyyəti barədə geniş məlumat verərək vurğulayıb ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə assosiasiya tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O bildirib ki, cari ilin may ayında Syerra-Leoneyə səfəri çərçivəsində Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələrinin rəhbərləri ilə görüşlər keçirib, həmin ölkələrdə Paralimpiya hərəkatının inkişafı və xüsusilə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi mövzusunda geniş müzakirələr aparıb.
İ.Rəhimov IBSA-nın Afrika Milli Paralimpiya Komitəsi ilə əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq platformasının yaradılmasının vacibliyini vurğulayıb.