Millimizin qələbə seriyası beşə çatdı 

Millimizin qələbə seriyası beşə çatdı 

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Millimiz Skopyedəki “Todor Proeski Milli Arena”sında Şimali Makedoniya yığması ilə qarşılaşıb. Albaniyalı FIFA referisi Enea Yorqyinin idarə etdiyi oyun komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 25-ci dəqiqədə açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev fərqlənərək hesabı bərabərləşdirib. Matçın 65-ci dəqiqəsində isə Musa Qurbanlı komandamızı hesabda önə keçirib. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. Matçın əsas vaxtına bir dəqiqə qalmış isə Ramil Şeydayev fərqlənərək komandamızın 3:1 hesablı qələbəsini rəsmiləşdirib. 
Oyun millimizin üzvü M.Qurbanlı üçün əlamətdar olub. Belə ki, “Qarabağ” klubunun da formasını geyinən futbolçu millidəki qol hesabını açıb. 20 yaşlı futbolçu özünün yığmadakı 5-ci oyununda ilk qolunu vurub. O, bununla da yığma tarixinə qol sevinci yaşayan 71-ci futbolçu kimi daxil olub. 
Şimali Makedoniya ilə matçda Azərbaycan millisində debüt gerçəkləşib. Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib. “Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana daxil olub. Futbolçu yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Bu, milli  komandamızın ardıcıl qazandığı beşinci qələbəsi olub. 
Qeyd edək ki, millimiz bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.