Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib. Toplantı bu günlərdə qətlə yetirilmiş gənc idmançı Turan Rüstəmovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Həmçinin gələcəkdə belə halların baş verməməsi üçün federasiyalar tərəfindən profilaktik işlərin aparılması, yarışlar zamanı nəzarətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Görüşdə tibbi təminat, idman fizioterapiyası məsələləri və növlər üzrə V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlilin təqdimatı və müzakirələri aparılıb. Həmçinin milli komandaların tərkibi və hazırlıq planları, federasiyalarda görülən işlərlə bağlı rüblük hesabat təqdim edilib.
Gündəliyə əsasən, texniki reqlamentin, yeni medalların, federasiyaların sosial media fəaliyyəti ilə bağlı təqdimatı müzakirə edilib, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib.
İclasda həmçinin, beynəlxalq idman tədbirlərinin idarə olunması üzrə platformanın, vahid reyestr bazasının təqdimatı, idmançıların təhsil məsələləri və aktual məsələlər haqqında fikir mübadiləsi aparılıb.