Gənclər və idman naziri Fərid Qayıbov Milli Paralimpiya Komitəsinin nümayəndələri, yığma komandaların baş məşqçiləri və şəxsi məşqçilərlə görüşüb. Görüşdə 2023-cü il üçün paralimpiya üzrə beynəlxalq yarışların və yarışlara hazırlıq üzrə təlim-məşq toplanışlarının ilkin təqvim planının hazırlanması, Uşaq Paralimpiya Hərəkatının inkişafı, 2023-cü ildə ölkə yarışlarının təşkili və keçirilməsi müzakirə edilib.
İclasda həmçinin, paralimpiya idman növlərinin inkişafına dəstək haqqında fikir mübadiləsi aparılıb, məşqçi-mütəxəssislərin fikir və təklifləri dinlənilib.
Tədbirdə nazir müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov iştirak ediblər.