Lənkəranda "İdman hamı üçün” layihəsi çərçivəsində müxtəlif yarışların təşkili ənənə şəklini alıb. Dekabrın 11-də "Sağlamlığına idmanla başla" adlı altında kütləvi idman tədbiri də Lənkəranda maraqla qarşılanıb. Belə ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Heydər Əliyev Xatirə parkında keçirilən tədbirdə boks, şahmat, dama, atletika, gimnastika, ağırlıqqaldırma və tennis idman növləri üzrə ustad dərsləri və əyləncəli idman oyunlarına 100 nəfərdən çox yeniyetmə, gənc və rayon sakini iştirak edib. Şəhər mərkəzində quraşdırılan səhnədə musiqi altında nümunəvi çıxışlar göstərilib.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.