O, yarışlara çıxarkən ancaq qələbə barədə düşünür. Elə idmanda özünə seçdiyi deviz də onun qələbə əzminin nə dərəcədə yüksək olduğunu nümayiş etdirir - «Əgər sən birinci deyilsənsə, deməli axırıncısan». Daim birinci olmağı qarşısına məqsəd qoyan gənc dəri əlcək ustası Çingiz İslamov üçün boks bir həyat tərzidir. Cəld, güclü, perspektivli idmançı gələcəkdə ölkəmizi Olimpiya oyunlarında təmsil etməyə namizəd idmançılardandır. Çingiz İslamov 1995-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub. Hazırda Xarkov Bədən Tərbiyəsi İnstitutunda oxuyan boksçu kiçik yaşlarından idmana maraq göstərib. İdmana həvəsi onda atası yaradıb. «13 yaşından boksla məşğul oluram. Atam boks üzrə Azərbaycan çempionu olub. O, həmişə məni peşəkar boksçu, Olimpiya oyunlarının iştirakçısı kimi görməyi arzulayıb. Buna görə də məni boks bölməsinə yazdırıb. Atam məni uşaq yaşlarından məşqlərə aparıb və mənə daim qələbə ruhu aşılayıb. O, özünün idmançı kimi qazana bilmədiklərini mənim əldə etməyimi arzulayır. İdman ustalığına namizəd olan boksçu bu il ilk uğurunu «Təhsil» RİM-in birinciliyində qazanıb. Daha sonra boksçumuz fevral ayında Hövsanda keçirilən Bakı birinciliyində 64 kq çəki dərəcəsində çempion olub. Təmsilçimiz birincilikdə 3 rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb. Aprel ayında keçirilən Azərbaycan birinciliyində boksçumuz iki rəqibini nokaut edib, sonra əslən Rusiyadan olan boksçuya məğlub olaraq 5-ci yerlə kifayətlənib. İyunun 11-17-də Krasnodar vilayətinin Temryuk şəhərində Sovet İttifaqı qəhrəmanı D.P. Qorişnevonun xatirəsinə keçirilən 16-cı ənənəvi beynəlxalq turnirdə idmançımız 69 kq çəki dərəcəsində çempion tituluna yiyələnib. İdmançımız görüşləri zamanı iki güclü Rusiya idmançısını mübirəzədən kənarlaşdırıb.
İdman aləmində Çingizə örnək olan idmançı əfsanəvi boksçu Məhəmməd Əlidir. O, boksçu Məhəmməd Əli kimi tanınmaq və boks aləmində böyük uğurlar əldə etmək arzusundadır. Döyüşçü London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovu da fiziki cəhətdən güclü boksçulardan hesab edir. Onun ən böyük arzusu 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və Olimpiya çempionu titulunu əldə etməkdir. Çingiz hesab edir ki, əsl boksçu özünə inanmalı, eyni zamanda fiziki güclə yanaşı, yüksək intellektə sahib olmalıdır: «Qalib gəlmək üçün döyüş zamanı rəqibə ardıcıl zərbələrin endirilməsinə diqqət yetirmək lazımdır. Sözsüz ki, xal buraxmamaq döyüşün taleyini həll edən vacib məqamlardandır. Əsl boksçunun fiziki hazırlıqlı olması kifayət deyil. Yaxşı boksçu döyüş zamanı ağıllı olmalı, taktiki gedişlər etməli, rəqibin zəif cəhətlərini dərhal üzə çıxarmağı bacarmalıdır. Məncə, yalnız məşq etməklə çempion olmaq mümkün deyil. İdmançının daxilində məşğul olduğu idman növünə sevgi və istedad olmalıdır. Yarışlara çıxarkən ancaq qələbə barədə düşünürəm. Bu fikir mənə hər zaman kömək olur. İdmanda əsas devizim isə budur: «Əgər sən birinci deyilsənsə, deməli axırıncısan».