Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Azərbaycan Cüdo Federasiyasının (ACF) 2022-ci ildə gördüyü işlər haqqında məqalə dərc olunub. Məqalədə ötən il Azərbaycanda cüdo idman növünün 50 illiyinin qeyd edildiyi bildirilib. Məhz buna görə, 2022-ci il ACF üçün xüsusi önəm daşıyır və il boyu yubiley ab-havasında mühüm layihələr icra olunub. Məqalə müəllifi Nikolas Messnerin sözlərinə görə, Azərbaycanda cüdonun inkişafı indi bütün səviyyələrdə gedir və bu, şübhəsiz ki, davamlı nailiyyətin açarıdır.
Məqalədə 2022-ci il ərzində cüdonun ölkədə kütləvləşdirilməsi, məşqçilərin və hakimlərinin peşəkar səviyyəsinin artırılması, beynəlxalq seminarların təşkili, Bakıda və regionlarda cüdo idman zallarının maddi-texniki təminatının möhkəmləndirilməsi, yeni cüdo zallarının tikilməsi, onların ən müasir avadanlıqlar ilə təchiz edilməsi və digər istiqamətlərdə önəmli layihələr haqqında məlumat verilib.
Müəllifin sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların təmsilçiliyini artırmaqdır. Bu il Azərbaycanda ilk dəfə olaraq yalnız qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb. Klubda altı yaşdan yuxarı qızlar məşq edir və artıq onlar ilk medallarını qazanmağa başlayıblar. Valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan bu təşəbbüs nəticəsində qısa bir zamanda klubda cüdo ilə məşğul olan qızların sayı iki dəfə artıb.
Həmçinin, məqalədə cari ilin ilk aylarından ACF tərəfindən regionlarda cüdo idman növü üzrə maddi-texniki bazanın yaxşılaşdırılması üçün kompleks tədbirlər haqqında məlumat verilib.
ACF həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının artırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətlər görməkdədir.
Məqalənin müəllifi bildirib ki, ACF uğurlu gələcək üçün qarşısına aydın məqsədlər qoyub və bu istiqamətdə təhsilin əhəmiyyəti və vacibliyini anlayır.
ACF BCF-in Akademiyası ilə ilk dəfə Azərbaycanın cüdo məşqçiləri üçün təhsil və sertifikatlaşdırma proqramı təşkil edib. 78 məşqçinin təhsil aldığı proqram çərçivəsində nəzəri hissə ilə yanaşı, 3 əyani seminar da təşkil edilib.
Azərbaycan Cüdo Federasiyası ölkədə idman jurnalistikasının inkişafına da töhfə vermək niyyətindədir və bu məqsədlə bu il bir sıra tədbirlər keçirib. Belə ki, ACF cüdo ilə bağlı yazan jurnalistlərin sayını artırmaq məqsədilə müsabiqə elan edib. Həmçinin, bu il idman jurnalistlər üçün BCF-in media və kommunikasiya direktoru Nikolas Messner tərəfindən seminar təşkil olunub. BCF-in fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən idman fotoqrafları üçün təlim keçirilib.
Məqalənin sonunda qeyd edilib ki, 2023-cü ildə ACF ölkədə və regionda cüdonun inkişafı istiqamətində fəaliyyətinin davam etdirəcək.