Cüdo üzrə Azərbaycan milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir. Hazırlıq prosesinə böyüklərdən və gənclərdən ibarət yığmadan 27 idmançı qatılıb. Toplanışda 10 qadın cüdoçu da iştirak edir.
1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinin ilk "7-liy"ində qərarlaşan cüdoçular, 14 olimpiya çempionu, 5 dünya çempionu, digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var.
Təlimləri dəyərləndirən milli komandanın baş məşqçisi Riçard Trautman toplanışın qarşıdakı nüfuzlu yarışlara hazırlıq xarakteri daşıdığını bildirib: "Yeni təqvim ilinin başlanğıcıdır və bu təlim-məşq ilin ilk rəsmi toplanışıdır deyə buraya çox sayda reytinqli idmançı qatılıb. İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran Pri və Parisdəki Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin, bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq".
Cüdoçulara Trautmanla yanaşı, performans direktoru Mark van der Ham, , böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Elnur İsmayılov rəhbərlik edir.
Qeyd edək ki, bu gün başlayan toplanış yanvarın 17-dək davam edəcək.