Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarışda 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 616 (502 oğlan, 114 qız) cüdoçu qüvvəsini sınayıb. Birinciliyin sonuncu günündə qızlar arasında -44 kq, -57 kq və +70 kq çəki dərəcələrində, oğlanlar arasında isə -55 kq, -73 kq və +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin komandası layiq görülüb. Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası ikinci, Sumqayıt şəhər 2 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdoçuları isə üçüncü yerə sahib çıxıblar. 33 komandanın cüdoçuları birincilikdə müxtəlif əyarlı medallar qazanıblar.