Fevralın 11-13-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunacaq turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu qüvvəsini sınayacaq.
Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq.
Yarışın ilk günündə 2009-2010-cu illər təvəllüdlü, ikinci günündə isə 2011-2012-ci illər təvəllüdlü yeniyetmələrin fərdi yarışları keçiriləcək. Yarışın üçüncü günündə U-15 yeniyetmələr arasında komanda yarışı keçiriləcək.
Yarış hər gün saat 9:00-da başlayacaq. Açılış mərasimi fevralın 11-də saat 16:00-da keçiriləcək.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.