Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib. Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunub.
Yarışın açılış mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in baş katibi Rəşad Rəsullu və digər rəsmi nümayəndələr iştirak ediblər.
Fərid Qayıbov çıxışında bildirib ki, bu il ölkəmizdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müxtəlif idman tədbirləri keçirilir və Bakı Kəndlər birinciliyi də onların sırasındadır: “Turnirdə iştirakçıların sayı çoxdur, bu da o deməkdir ki, Bakının ətraf bölgələrində cüdo populyardır və inkişaf edir. Region idmançıları üçün turnir təşkil olunduğu üçün ACF-ə və Bakı Abadlıq Xidmətinə təşəkkür edirik”.
Daha sonra ACF-in baş katibi Rəşad Rəsullu çıxış edərək vurğulayıb ki, bu il ACF ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər planlaşdırıb: “Bakı Kəndləri birinciliyi ilk dəfə keçirilir və bu turnir ənənəvi olaraq hər il keçiriləcək. Turnirin əsas məqsədi cüdonun kütləviləşdirilməsi və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılmasıdır”.
R.Rəsullu turnirdə 400-ə yaxın idmançının iştirak etdiyini bildirib və idmançılara uğurlar arzu edib. Baş katib turnirin keçirilməsində dəstəyə görə Gənclər və İdman Nazirliyinə, həmçinin Bakı Abadlıq Xidmətinə təşəkkürünü bildirib.
Gənclər və İdman Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən fərdi yarışlarda 30 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 415 cüdoçu iştirak edib. 15 yaşa qədər cüdoçuların komanda yarışlarında isə qızlar arasında 3 komanda, oğlanlar arasında 6 komanda mükafatlar uğrunda mübarizə aparıb.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdan ibarət olub.