Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. FIDE-nin rəsmi saytında yerləşdirilən reytinqdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk onluğa qayıdıb. Hesabında 2747 xalı olan 36 yaşlı qrosmeyster 10-cu pillədə yer alıb. Milli komandanın digər qrosmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci pillədə qərarlaşıb.
Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Dinq Liren (2788) üçüncüdür.
Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədirlər.
Qadınların reytinqinə çinli Yifan Hou (2628) başçılıq edir.