Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzər “Böyük dəbilqə” turniri keçirilib. 3 gün davam edən yarışda 49 ölkədən ümumilikdə 364 (191 kişi, 173 qadın) cüdoçu mübarizə aparıb. Yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Nüfuzlu turnirdə 6 cüdoçu ilə təmsil olunan komandamız Daşkənd sınağını bir bürünc medalla başa vurub. Komandamıza yeganə medal 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov qazandırıb. Cüdoçumuz almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevə qalib gəlsə də, dörddəbir final mərhələsində yerli idmançı Dostan Ruziyevə məğlub olub. Ə.Yusifov təsəlliverici görüşdə Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodova qalib gəlib. Bürünc medal uğrunda görüşə vəsiqə qazanan təmsilçimiz gürcüstanlı Lukum Çxvimiani ilə qarşılaşıb. Rəqibinə qalib gələn cüdoçumuz “Böyük dəbilqə” turnirini üçüncü pillədə başa vurub.
“Böyük dəbilqə” turniri bir bürünc medalla yadda qaldı