Pəhləvanlarımız Sofiyadan uğurla qayıdırlar

Pəhləvanlarımız Sofiyadan uğurla qayıdırlar

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə yekun vurulub. Yarışda iştirak edən pəhləvanlarımız turniri 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. 
Qızıl medalları komandamıza Georgi Meşvildişvili (125 kq) və Mariya Stadnik (50 kq) qazandırb. G.Meşvildişvili 1/4 finalda komanda yoldaşı Rahid Həmidliyə qalib gəlib. İdmançımız yarımfinalda amerikalı Ryan Valza da heç bir şans verməyib - 11:0. Həlledici görüşdə iranlı Mustafa Tağanini 7:2 hesabıyla üstələyən Georgi fəxri kürsünün ən yüksək pilləsinə qaxıb. 
Komandamıza digər qızıl medal qazandıran Mariya Stadnik isə M.Selişkanı vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Millimizin lideri yarımfinalda Şimali Makedoniyanı təmsil edən Veronika Ryabovolovaya da eyni hesabla qalib gəlib. Finalda qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşan M.Stadnikə qələbə üçün cəmi 35 saniyə kifayət edib – 10:0.
Sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medala sahib çıxıb. 
Komandamızın digər üzvü, sərbəst güləşçi İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan İntiqam gümüş medal qazanıb. Digər sərbəst güləşçimiz İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabıyla üstələsə də, 1/4 finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. İbrahim bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.