Emin Cəfərov: “Yenidən köhnə qaydalara qayıdacağıq”

Emin Cəfərov: “Yenidən köhnə qaydalara qayıdacağıq”

Paytaxtımız atıcılıq üzrə dünya kuboku yarışına hazırlaşır. Mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar. Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 650-yə yaxın idmançı müraciət edib. Atletlərlə yanaşı, yarışlarda 300 nəfər texniki heyət də iştirak edəcək.
Bugünlərdə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla görüşüb, dünya kubokuna hazırlıq və federasiyanın gələcək planları barədə danışdıq.
 
- Emin müəllim, paytaxtımız atıcılıq üzrə növbəti dünya kubokuna hazırlaşır. Yarışa hazırlıq prosesi necə gedir?

- Hazırda dünya kubokuna hazırlıq prosesi öz qaydası üzrə gedir. Bu barədə Bakı Atıcılıq Mərkəzi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən heç bir problem yoxdur. Mütəmadi olaraq Beynəlxaq Atıcılıq İdmanı Federasiyasının nümayəndələri ilə əlaqə qurub, fikir mübadiləsi aparırıq. Bir neçə gün əvvəl beynəlxalq qurumun baş katibi ölkəmizə səfər etmişdi. Görüş zamanı bu istiqamətdə bütün məsələləri müzakirə etdik. Əminliklə deyə bilərəm ki, may ayının əvvəlində kompleks və federasiya dünya kuboku yarışını Bakıda qəbul etməyə tam hazır olacaq. Bu günə qədər 61 ölkədən 650-yə yaxın idmançı öz iştirakını təsdiqləyib. Lakin bu say hələ son deyil. Növbəti günlərdə iştirakçı ölkələrin artacağı gözlənilir. Komandamız isə bu yarışda 22 idmançı ilə təmsil olunacaq. İdmançılar Bakıda atıcılığın 10 növü üzrə 36 dəst medal uğrunda mübarizə aparacaqlar.
 
- Bu yaxınlarda Beynəlxalq Atıcılıq İdmanı Federasiyası öz saytında Paris-2024 Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yeniliklərin ilk olaraq Bakıdakı yarışda tətbiq ediləcəyi ilə bağlı açıqlama vermişdi. İstərdik ki, bu barədə məlumat verəsiniz. Həmin qaydalar hansılardır?

- Düzdür, beynəlxalq qurum öz səhifəsində turnirlərin yeni qaydalar əsasında həyata keçiriləcəyini açıqlamışdı. Bakıda keçiriləcək dünya kuboku da istisna deyil. Bu qaydalar yalnız Olimpiya növlərinə aid olunur. Məncə, buna yeni qayda demək, bir qədər çətindir. Belə ki, ötən ilin may ayında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının keçmiş rəhbərliyi tərəfindən yeni qaydalar təsdiq olunmuşdu. Hazırda beynəlxalq federasiyada rəhbər dəyişikliyi olub. Yeni rəhbərlik isə qərara gəlib ki, yarışları Tokio-2020-nin formatına qaytarsın. Yəni 2021-ci ildə Tokioda təşkil olunan olimpiadada atıcılıq yarışları hansı qayda ilə keçirilibsə, yenidən həmin qaydaya qayıtmaq istəyirlər. Hətta Beynəlxalq Olimpiya Komitəsindən də bu barədə razılıq alınıb. Bir sözlə, mayın 8-də Bakıda start götürəcək yarışlarda yenidən köhnə qaydalara qayıdacağıq.  
 
- Federasiyanın idmançısı Ruslan Lunyov Paris Olimpiadasına lisenziya əldə etdi. İdmançımızın olimpiadadakı şanslarını necə dəyərləndirirsiniz?

- Ruslan artıq son illərdə stabil nəticələr göstərir. Dünya reytinqinin həm 10 metr pnevmatik tapança növündə, həm də 25 metr tapançadan sürətli atəş növündə “top onluq”da yer alıb. Onun artıq böyük təcrübəsi var. Son illərdə göstərdiyi stabil nəticələr, əldə etdiyi lisenziya, həm Rio, həm də Tokio olimpiadalarında qazandığı təcrübə bizə deməyə əsas verir ki, Ruslanın Paris-2024-də medal qazanmaq şansları var. Hətta deyərdim ki, bu şanslar heç də az deyil.
 
- Qarşıda komandamızı üçüncü Avropa Oyunları gözləyir. Bu yarışda neçə idmançımızın iştirakı gözlənilir?

- Bu günə qədər 4 idmançımız Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarına lisenziya qazanıb. Amma lisenziyaların son siyahısı aprel ayının 22-də müəyyənləşəcək. Çünki təsnifat mərhələsinin son yarışı hazırda Peru şəhərində keçirilən dünya kubokudur. Bu yarış başa çatdıqdan sonra bütün siyahılar dərc olunacaq. Hesablamalarımıza görə hələki, 4 idmançımız lisenziya əldə edib. Amma ola bilər ki, bu say bir qədə də artsın.     
 
- Mümkündürsə, federasiyanın qarşıdakı aylarda əsas planları barədə məlumat verəsiniz.

- Sözsüz ki, əsas planlarımız avqust ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlıdır. Federasiyanın bütün idmançıları, məşqçiləri bu mötəbər yarışa hazırlaşırlar. Çünki bu yarışda hər Olimpiya növündə 4 lisenziya uğrunda mübarizə aparılacaq. Bu çempionatdan əvvəl keçiriləcək yarışlar federasiya kubokları, eləcə də şəhər və respublika miqyaslı turnirlər mundiala hazırlıq prosesi daşıyacaq.
 
- Bakı Atıcılıq Mərkəzi bugünlərdə Azərbaycan kuboku uğrunda yarışlara ev sahibliyi etdi. Yekun nəticələrə əsasən bu yarışda yeni perspektivli idmançıları üzə çıxarmaq mümkün oldumu?

- Bildiyiniz kimi aprelin 12-16-da Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Azərbaycan kuboku yarışı keçirildi. Turnirin keçirilməsində əsas məqsəd yeni gənc və perspektivli idmançıların müəyyən olunması, atıcılıq idman növünün kütləviliyinin artırılmasıdır. Dairəvi və səngər növündə keçirilən yarışlarda şəxsi və qarışıq komanda üzrə qaliblər müəyyənləşdi. Yarışda ümumilikdə 70-ə yaxın idmançı öz bacarığını nümayiş etdirdi.  

 


Azər Əlizadə

Emin Cəfərov: “Yenidən köhnə qaydalara qayıdacağıq”