Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir. Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının yunan-Roma güləşi yarışlarında gücünü sınayacaq.
Avropa çempionatında yunan-Roma güləşi yarışlarına aprelin 21-də start veriləcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Xetaq Qazyumov və Cəbrayıl Həsənov da üç dəfə Avropa çempionu adını qazanıblar. Hazırda onlar idmançı karyeralarını başa vurublar.